Azərbaycanda gənc nəslin maraq göstərdiyi məşğuliyyətlərdən biri də yoqa dərsləridir.
Artıq ölkəmizdə bu idman növünə maraq getdikcə artmağa başlayıb.
Bakıda yoqa dərsləri verən məşqçi Lalə Xancanova Gununsesi.info-ya müsahibəsində bu haqda danışıb.
– Lalə xanım, Azərbaycana yoqa məşqlərini gətirən şəxslərdən biri kimi sizdən soruşmaq istərdik ki, bu missiyanı üzərinizə götürəndə perspektivinə inandınızmı? Azərbaycan insanına bunu aşlamaq, cəlb etmək asan məsələ deyil. Bu gün artıq yoqa dərsləri verirsiniz və maraq da görünür…
– Azərbaycanda artıq yoqa anlayışı son bir neçə ildə təşəkkül tapıb. Bu haqda məlumat olsa da amma bu qədər inkişaf etməmişdi. Mən Hindistana gedərkən özümdən əmin idim. Çünki, insan götürdüyü yükə cavabdeh olmalıdır. Yoqanın inkişafına da heç bir şubhəm yox idi. Bizim dərslərə bu gün kifayyət qədər maraq var. Sevindirici haldır ki, Azərbaycan indi öndə gedən ölkələrdən biridir. Hal hazırda hər şey sürətlə inkişaf edir. Hər şeyə maraq artdığı kimi, yoqaya da maraq göstərənlər çoxdur.
– Zaman -zaman yoqa ilə namaz arasında paralellik aparanlar da olub. Yoqa da ibadətdirmi? Ümumiyyətlə, yoqa insana nə verir, faydası nədir?
– Belə fikirlər olur, amma bu yanlış fikirdir. Baxmayaraq ki, yoqa din deyil, amma onun əsasları demək olar ki, hər bir dində var. Yoqa əzyətlərdən qurtarıb öz gücünü və enejisini daha sərfəli istifadə etməyə kömək edir. Yoqa nə idman növü, nə də dindir. Əksər insanlar üçün yoqa – müdrik qocanın lotos vəzyətində oturub saatlarla meditasiya etməyi kimi , bəzilərinə isə idman növü kimi görünür. Amma yoqa termini hindistanlilarin sanskrit dilindən gəlib və “ittifaq, birlik” deməkdir. Mənası isə “insanın şüurunun kainatla birliyi” deməkdir.
Sualınızın ikinci hissəsinə gəlincə, onun faydaları çoxdur.
Bu, bədəni gücləndirmək və sağaltmaq, tarazlıq və dinclik qazanmaq üçün yaradılmış qədim təlimdir. Yoqanın şübhəsiz faydası ondan ibarətdir ki, o, yaxşı fiziki forma almağa, xəstəliklərə qalib gəlməyə, sinir sistemini sakitləşdirməyə, zehnini təmizləməyə, səmərəliliyi və stress müqavimətini artırmağa imkan verir.
– Yoqanın xəstəliklərə də müsbət təsiri barədə danışılanlar nə dərəcədə realdır?
– Yoqa bədənin ümumi vəziyyətini yaxşılaşdırır. 2-3 aydan sonra nəzərəçarpacak dərəcədə nəticələr görünür. Sağlam bədən və sağlam ruh əldə etmək üçün yoqayla müntəzəm məşğul olmaq lazımdır. Yoqa insan bədəninin bütün orqanlarına faydalı təsir göstərir. Təlimlər endokrin və ürək-damar sisteminin işini, həzm orqanlarının işini bərpa edir.
Yoqa dərsləri immunitet sistemini gücləndirə və bir sıra xəstəliklərdən – artrit, sonsuzluq, baş ağrıları, ağciyər xəstəlikləri, şəkərli diabet və piylənmədən xilas ola bilər. Stress və depressiyanı aradan qaldırır, yuxusuzluğa kömək edir. Nəfəs alma məşqləri ağciyərləri havalandırır, bu da maddələr mübadiləsinin normallaşmasına və bədənin kompleks rahatlamasına səbəb olur. Yoqa koordinasiya, diqqət və yaddaşı yaxşılaşdırır.
– Gələcək planlarınız nədir? Bu məktəbi ölkə hüdudlarına daşıya biləcəksinizmi?
– Planlar çoxdur. İnanıram ki, qarşıdakı müddətdə biz rəlim məkanlarımızın sayını artıracağıq.
Yoqayla həm ümumi sağlamlıq üçün məşgul olmaq olar, həm də konkret xəstəliyi sağaltmaq üçün. Mualicəvi yoqayla fərdi məşgul olmaq məsləhətdir. Hər bir xəstəliyə xüsusi proqram yazılır və problemə individual yanaşma tələb olunur.
İctimai təşəbbüslər çoxalarsa bu sahəyə dövlət qayğısı da mümkündür. Bizim təlimlərə gələnlər arasında millət vəkilləri, məmurlar da var. Onlar da hesab edir ki, bu sahənin inkişafına dövlət dəstəyi olmalıdır.
Günay Təhməzova
Gununsesi.info