“Youthvision 2017” müsabiqəsinin qalibləri bəlli olub  - FOTO

  • By admin
  • 24 Aprel 2017 11:56

unnamed (5)

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə “Youthvision 2017” Beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, “Elektra Events Hall”da baş tutan konsertdə ümumilikdə 19 ölkə təmsilçisi iştirak edib.

Festival Azərbaycan, Slovakiya, Moldova, Polşa, Macarıstan, İtaliya, Belarus Respublikası, İsrail, İran, Serbiya, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Böyük Britaniya və Finlandiya ölkələrin nümayəndələrinin səhnə şouları ilə davam edib.

Azərbaycanı “Tələbə Baharı” yarışmasının 2010, 2011, 2012-ci illərinin qalibi və 2016-cı ildə Fransanın TF1 kanalında yayımlanan “The Voice” yarışmasının iştirakçısı Araz Hümbətli təmsil edib.

İştirakçıların çıxışından sonra səsvermə prosesinə start verilib. Yarışmada hər ölkəni öz münsifi təmsil edib. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verib. Münsiflər heyətinin səsverməsinə əsasən Gürcüstan təmsilçisi Mariam Akobia 1-ci, Qırğızstan təmsilçisi Colpan Ulubekizi 2-ci, Moldova təmsilçisi Irina Dragu isə 3-cü yerə layiq görülüb. Azərbaycan təmsilçisi Araz Hümbətli isə 4-cü sırada öz yerini tutub.

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Müsabiqədə ilk üç yerin sahibi müvafiq olaraq 3000, 2000 və 1000 dollar dəyərində pul mükafatı ilə mükafatlandırılıb.

Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılmasına və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Anar
Gununsesi.info