YPX əməkdaşı sürücüdən avtomaşından çıxmağı tələb edə bilərmi?

  • By admin
  • 28 Sentyabr 2022 23:23

Dövlət Yol Polis əməkdaşı nəqliyyat vasitəsini saxlayan zaman sürücüdən avtomaşından çıxmağı tələb edə bilərmi?

 

HTML tutorial

Son dövrlər bu mövzu  ilə bağlı  sosial şəbəkələrdə müzakirələrə tez-tez rast gəlmək olur.

 

Yayılan video görüntülərdə yol polis əməkdaşları sürücüdən avtomaşından düşməyi tələb edir, sürücülər isə tabe olmaqdan imtina edir.
Kifayət qədər gərgin və xoşagəlməz durum yaranır.

Vəkil Cavad Cavadov bu məsələ haqqında Gununsesi.info-ya şərh verib.

Yol hərəkəti haqqında Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (burda DYP əməkdaşı nəzərdə tutulur) əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra sürücü bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır.

Yəni yol polis əməkdaşının sürücüdən avtomaşından düşməsini tələb etmək hüququ vardır və bu zaman sürücünün bu tələbə əməl etməsi bir vəzifədir.

“Yol-patrul xidməti haqqında Təlimat”a əsasən ( maddə13.6.) YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

13.6.1. nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;

13.6.2. sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olduğu halda;

13.6.3. nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

13.6.4. nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;

13.6.5. sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;

13.6.6. yol hərəkətinin digər iştirakçılarına yardım göstərilməsinə köməkliyin tələb edildiyi və ya müvafiq sənədləşmənin aparıldığı hallarda.

Sürücülərə tövsiyəm odur ki, belə durum yarandıqda gərginlik yaratmadan yol polis əməkdaşının tələbinə tabe olub maşından düşsünlər və sonradan narazı qaldığı halda yuxarı vəziyəli şəxsə bununla bağlı şikayət etsinlər.

Yuxarıda göstərilən Təlimatın 13.3. maddəsinə əsasən Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.

Dəfələrlə yol polis əməkdaşlarının gərgin tıxaclarda tənzimləmə apardıqları zaman imkan tapıb təşəkkürümü bildirmişəm, baxmayaraq ki, bu onların vəzifəsidir.

Yol hərəkəti iştirakçılarını və bizim polis əməkdaşlarını bu çətin işdə təmkinli olmağa çağırıram.