Yüksək rütbəli zabitlərin həbsi parlamentdə müzakirə olundu

“Müdafiə Nazirliyində araşdırma aparıldı və məlum oldu ki, nazirliyin bəzi səlahiyyətliləri dövlət vəsaitini xımır-xımır yeyirmişlər”.

Gununsesi.info xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

HTML tutorial

Deputat parlament nəzarəti mexanizmi üzərində düşünməyi təklif edib: “Baxın, “Tərtər işi” olub bitəndən sonra biz onlara bəraət verilməsinə sevinirik. Müdafiə Nazirliyində yeyilən pul şəhidin, qazinin qanpuludur. Biz bunun cavabını verə bilmək üçün parlament nəzarətini həyata keçirməli, məsələlərə ciddi yanaşmalıyıq”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğunün üstünü açıb. Əməliyyat nəticəsində Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsindən bildirilib ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.

Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.

Gununsesi.info