“Bu gün təsadüfən gözüm Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin yekunları barədə məlumata sataşdı. Bildiyim qədər ölkə prezidenti gənclərin intellektual fəaliyyətinin canlandırılmasına, onların müxtəlif layihələri gerçəkləşdirmək üçün təşəbbüskarlığının artmasına xüsusi diqqət ayırır və bu fondun da yaradılması məqsədlərindən biri məhz budur. Gənclərin təşəbbüskarlığının maddi cəhətdən dəstəklənməsi əslində büdcə vəsaitlərinin azaldığı bir dövrdə prezident tərəfindən gənclərə yönəlik fədakarlıq nümunəsi kimi də qiymətləndirilə bilər. Burada 2 milyon manatdan artıq vəsaitin ayrı-ayrı layihələrə ayrılmasından söhbət gedir və bu layihələrin aktuallığı bütün cəmiyyəti, xüsusilə gəncləri ciddi maraqlandırmalıdır”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa deyib.
O, qeyd edib ki, açığı şəffaflıq naminə gözləyir ki, həmin layihələrin məzmunu Gənclər Fondunun rəsmi saytında yerləşdiriləcək, sonra bu vəsaitlərin məqsədəuyğun xərclənməsi barədə daha dəqiq fikir bildirmək mümkün olacaq:
“Ancaq ilkin təəssüratım budur ki, A Kateqoriyasından olan layihələrin adlarının əksəriyyəti aktuallığına görə məndə xeyli məyusluq doğurdu. Digər Kateqoriyalarda da vəziyyət təqribən eynidir. Bu məna yükü bəlli olmayan layihə adlarının qarşısında 5 min, 7 min, 10 min manat vəsaitin yazılmasına xeyli təəccübləndim.
Bu layihələrlə bağlı Fondun rəsmi səhifəsindən hər kəs tanış ola bilər, ancaq ölkə gəncləri üçün prezident tərəfindən yaradılan bu imkanın hansısa korporativ maraqlarla anlaşılmaz mövzulara sərf etməyin izahını tapmaqda çətinlik çəkirəm. Hər halda açıqlanan mövzuların məzmunu barədə ekspertlərin monitorinq aparması və bu sahədə şəffaflığın qorunması vacib şərtlərdən biridir”.
Gununsesi.info