“Efes” təlimi Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi təlimlərin ən üst səviyyəsidir. Hərəkat iki ildə bir, müştərək və birgə fəaliyyət şəklində gerçəkləşdirilir. Təlimdə həqiqi döyüş sursatlarından, mərmi və güllələrdən istifadə olunur.
Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a Azərbaycan Ordusunun “Efes-2022” təlimlərində iştirakı və Yunanıstan mediasının qarayaxma kampaniyası haqqında haqda danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, Şuşa Bəyannaməsi çərçivəsində başqa sahələrdə olduğu kimi, hərbi sahədə də qarşıya qoyulan hədəflərə çatmaq üçün ölkələrimiz birgə fəaliyyəti dayanmadan davam etdirir:
“Ölkələrimiz arasında əlaqələr Şuşa Bəyannaməsi imzalandıqdan sonra tarixinin zirvə nöqtəsindədir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq inkişaf etməkdə və daha da yaxınlaşmaqdadır. Dolayısı ilə sənəddə göstərildiyi kimi, hərbi birləşmələrin qarşılıqlı göndərilməsi, ortaq təlim və tədris kimi məsələlər hazırki təlimdə də öz əksini tapıb. Bu il içərisində Türkiyə və Azərbaycanda, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iyirmiyə yaxın təlim keçirilib. “Efes-2022” təlimi 20 mayda başlayıb və 9 iyunadək davam edəcək. Təlimə 37 ölkə qatılıb, bunlardan 13-ü isə birbaşa təlimdə iştirak edir. Ümumilikdə təlimdəki şəxsi heyətin sayı 10 min nəfərə qədərdir.
Burada Türkiyə müdafiə sənayesinin istehsalı olan modern sistemlər sınaqdan keçirilməkdə və inkişaf etdirilməkdədir. Təlimdə ölkəmizin 43 müdafiə sənayesi şirkətinin məhsulları əyani şəkildə meydanda və tədris prosesində ölkəmizə gələn xarici ölkə nümayəndələrinə göstərilir. Azərbaycan müdafiə naziri Zakir Həsənov da həmkarı Hulusi Akarın dəvəti ilə təlimləri izləyənlər arasındadır”.
Yücel Karauz təlimdə iştirak edən Azərbaycan hərbçiləri haqqında Yunanıstan mediasının yaydığı yalanlara da toxunub:
“Yunanıstan mediasının təlimə qatılan Azərbaycan və Türkiyə xüsusi təyinatlarının, komandolarının yunan adalarını işğal edəcəyi haqqında xəbərləri isə xəyal məhsulundan, boşboğazlıqdan, cəfəngiyyatdan başqa bir şey deyil. Bu yalan iddialar heç bir məntiqə sığmır. Çünki “Efes” yeni keçirilən və hansısa bir hadisəyə reaksiya xarakterli təlim deyil. Yunanıstan mediasının yalanları daxildə yaşadıqları qorxunun təzahürüdür. Şuşa Bəyannaməsində də göstərildiyi kimi, Türkiyə və Azərbaycan əlaqələri hansısa bir üçüncü ölkəyə qarşı deyil, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması və bölgədə əməkdaşlığın inkişafı, sülhün möhkəmləndirilməsi üçündür. Bayaq da qeyd etdiyim kimi, bu təlimdə Azərbaycan və Türkiyə Ordusu birgə döyüş, ortaq hərəkat, hərəkatın koordinasiyası, hərbi texnikanın və silah sistemlərinin bir-birinə inteqrasiyası, dostluq və qardaşlığımızın möhkəmləndirilməsi istiqamətində bir üst səviyyəyə keçməkdədirlər. Allah hər zaman Ordularımızı müzəffər etsin”.
Gununsesi.info