“Yüngül cəza nəzərdə tutulan maddələr çıxarılmalıdır” Deputatdan dəyişiklik TƏKLİFİ

Deputat Cinayət Məcəlləsindən yüngül cinayət əməllərinə görə nəzərdə tutulan maddələrin çıxarılmasını təklif edir

Gununsesi.info xəbər verir ki, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında narkotikdən istifadənin Cinayət Məcəllədən çıxarılmasını təklif edib:

“Cinayət Məcəlləsinin 234.1-ci maddəsi var. Yəni satış məqsədi olmadan narkotik vasitələrin və psixatrop maddələrin daşınması, istifadə olunması və s. Həbsxanaların az qala 60-70 faizi bu şəxslərlə doludur”.

Onun sözlərinə görə, cəmiyyətdə gizlin deyil ki, bu şəxslərin həbsə alınması heç bir effekt vermir.”Cinayət Məcələsinin bu maddəsini ləğv etmək, həmin şəxsləri məcburi müalicəyə yönəltmək lazımdır”, – o qeyd edib.

Deputat bildirib ki, belə bir maddənin çıxarılmaması müstəntiqlərini işini ağırlaşdırmaqla yanaşı, dövlət üçün külli miqdarda vəsait xərcinə səbəb olur. “Ona görə də bu maddənin Cinayət Məcəlləsindən çıxarılmasını təklif edirəm. Dünyanın bir çox ölkələrində buna görə cəza yoxdur”, – deputat bildirib.

O əlavə edib ki, ümumiyyətlə, Cinayət Məcəlləsində bir sıra digər maddələr də çıxarılmalıdır.

“Xüsusən də yüngül cəza nəzərdə tutulan maddələr çıxarılmalıdır. Bunalara ehtiyac yoxdur. Bu, dövlətə əlavə yükdür. Məsələn, 128-ci maddə var, hansı ki, qəsdən insana yüngül xəsarət kimi cəzalar məcəllədən çıxarılmalıdır”.

 

 

Gununsesi.info