Yunus Səfərov Elmar Vəliyevi məhkəməyə çağırdı - SABİQ BAŞÇININ ÖZÜNÜ İDARƏ EDƏ BİLMƏDİYİ DEYİLİR

  • By admin
  • 05 Mart 2021 20:53

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəmə prosesi keçirilib.

Gununsesi.info  xəbər verir ki,  hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək, E.Vəliyevin prosesdə iştirak etməsini və bəzi suallara cavab verməsini istəyiblər.

HTML tutorial

Təqsirləndirilən şəxs qismində çıxış edən Yunis Səfərov da bu vəsatətləri müdafiə edib: “Mən ilk gündən də bəyan etmişəm. Bu də deyirəm ki, Elmar Vəliyev gəlsin və mən onu nə üçün vurduğunu özünə deyim. Etdiyi hərəkətləri qarşısına qoyum”.

Elmar Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov isə hakimdən vəsatətləri rədd etməyi tələb edib.

Türkiyədəki klinikalardan birindən məhkəməyə göndərilmiş həkim rəyini elan edən vəkil deyib ki, durumu onun məhkəmədə dindirilməsinə imkan vermir: “Elmar Vəliyev elə bir durumdadır ki, deyilənləri dərk etmək, fikrini çatdırmaq iqtidarında deyil. Onun əqli və fiziki durumu buna imkan vermir”.

Buna etiraz edən vəkil Cavad Cavadov isə  sual edib:

“Bəs,  Elmar Vəliyevin əqli və fiziki durumu normal deyilsə, necə olub ki, onu məhkəmədə təmsil edən nümayəndəsinə notarial qaydada etibarnamə verib?

Müşavirəyə gedən məhkəmə vəsatətləri rədd edib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığını elan olunub. Martın 16-da keçiriləcək növbəti iclasda prokurorun təqsirləndirilən şəxslərə cəza istəyəcəyi gözlənilir.

Taryel İbrahimov

Gununsesi.info