“Liverpul”un baş məşqçisi Yurgen Klopp keçmiş İngiltərə çalışdırıcısı Sven-Göran Erikssonu klubda işləməyə dəvət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sports.ru” nəşri məlumat yayıb.
“Bircə onu deyə bilərəm ki, biz onu burada məmnuniyyətlə qarşılayacağıq. O, istəsə, kabinetimdə mənim yerimdə oturub gündüz işlərimi görə bilər. Problem deyil. Ehtiyat oyunçular skamyasında olmağa gəlincə, bu, bir az çətin ola bilər.
Biz ona hər şeyi və bu gözəl klubun illər ərzində necə inkişaf etdiyini göstərmək istəyirik. Düşünürəm ki, bu barədə ona mütləq məlumat verəcəyik. O, gəlib burada gözəl saatlar keçirə bilər, əminəm”, – Klopp deyib.
Xatırladaq ki, keçmiş İngiltərə baş məşqçisi yanvar ayında xərçəng xəstəliyinə tutulduğunu açıqlamış, təxminən bir il ömrünün qaldığını bildirmişdi. 75 yaşlı isveçli “Liverpul”u çalışdırmaq arzusunda olduğunu demişdi.
Qeyd edək ki, Eriksson əvvəllər İsveçin “Göteborq”, “Lissabon Benfika”, İtaliya və Çinin bir sıra klublarına, İngiltərənin “Mançester Siti” və “Lester”ə rəhbərlik edib, Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarını çalışdırıb. 2001-2006-cı illərdə mütəxəssis İngiltərə millisində çalışıb.
Gununsesi.info