Yuvenal ədliyyə mövzusunda treninq keçirilib

  • By admin
  • 24 May 2017 09:30

1481023547278602935_1000x669

Ötən il olduğu kimi, bu il də YUNİSEF, Ədliyyə və Polis Akademiyaları ilə birgə əməkdaşlıqda hüquqi maarifləndirici treninqlər davam etdirilib.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, hakimlər, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” (Yuvenal Ədliyyə) mövzusunda maarifləndirmə və bacarıqların artırılması məqsədi daşıyan treninqlərdə Ombudsmanın Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə də ekspert qismində iştirak edib. Mövzu üzrə milli qanunvericilik, beynəlxalq standartlar və təcrübə əsasında mühazirələr oxunub, geniş müzakirələr və hüquqi maarifləndirmə işi aparılıb.

Yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi vəziyyəti, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyətinə yeni yanaşmalar, xarici ölkələrinin bu sahədə müsbət təcrübəsi, mövcud çətinliklər əsas müzakirə mövzularından olub.

R.Rumzadə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti, ölkədə yuvenal ədliyyə sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə təşəbbüsləri, həyata keçirdiyi işlər və preventiv tədbirlər, eləcə də bu sahədə mövcud çətinliklər və ehtiyac duyulan tədbirlər haqqında geniş məlumat verib.

Treninqdə ədalətli qərarların qəbulu üçün polis, prokurorluq, məhkəmə və digər səlahiyyətli orqanların məlumatlılığının artırılması, hüquqazidd davranış nümayiş etdirən və saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə işin təkmilləşdirilməsinə olan ehtiyac, onların sosial adaptasiyası ilə bağlı müzakirələr aparılıb.

R.Rumzadə mövzu üzrə milli və beynəlxalq təcrübə, normativ-hüquqi aktlar, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında həyata keçirilməli olan preventiv tədbirlər haqqında fikirlərini bölüşüb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulanıb, cinayət törətdən,  hüquq pozuntusuna yol verib,  yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübəyə toxunub və mövzular canlı diskussiya şəraitində geniş müzakirə edilib.

Qeyd olunmalıdır ki, Sərəncamın effektiv tətbiqi yetkinlik yaşına çatmayanlara da münasibətdə ölkədə Yuvenal Ədliyyə islahatlarına da öz töhfəsini verəcəkdir. Fəaliyyət prosesində Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilən bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır.

Bu kimi hüquqi maarifləndirmə tədbirləri Müvəkkilin təşəbbüsü ilə, YUNİSEF-lə əməkdaşlıqda MPQ üzvlərinin və Müvəkkilin regional mərkəzləri əməkdaşları tərəfindən respublikanın regionlarında da davam etdirilməklə yanaşı, uşaq hüquqları sahəsində fəaliyyət göstərən məhkəmə, polis, təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarını geniş şəkildə əhatə etməklə uşaq hüquqlarının etibarlı müdafiəsi və təmini işinə öz töhfəsini verib.

Gülnaz Qənbərli

Gununsesi.info