ZƏFƏR SİMVOLU – Yusif Nazim yazır…

  • By admin
  • 05 Fevral 2021 12:40

Sən ey mənim yurdumda güldən gözəl bayrağım,
Sən ey müqəddəs əldə əldən gözəl bayrağım!
Ey mənim Dövlətimdən qoca olan bayrağım,
Sancıldığı zirvədən uca olan bayrağım!
Dalğalan zirvələrdə, dalğalara örnək ol,
Namuslu gözəllərin qon başına örpək ol!

Başım üstə papaqsan,
Torpaqsan gözüm üstə.
Sən şeirimin içində,
Olmusan sözüm üstə.
Mən sənə baş əymişəm,
Qarşında dizim üstə.

Bayraqların içində, ey mənim vəsf etdiyim,
Şeirlərin bayrağı, qəzəllərin bayrağı!
Ey uğrunda şərəflə şəhadətə getdiyim,
Bayraqların gözəli, gözəllərin bayrağı!
Gör sənin sacıldığın neçə kənd var, şəhər var,
Zəfər varsa, sən varsan, sən varsansa, zəfər var!

Ürəkdə can da sənsən, Azərbaycan da sənsən!
Balaca otağımda böyük cahan da sənsən!

 

 

P.S. Şeir Mədəniyyət Nazirliyinin vətənpərvərlik müsabiqəsində qalib olub.

 

Yusif Nazim Ərəbsoy

Gununsesi.org