Zəfər tariximizi hər zaman yaşatmalıyıq, gələcək nəsillərə ötürməliyik

Azərbaycan Prezident İlham Əliyevin iki gün əvvəl verdiyi sərəncamla ölkəmizdə sentyabrın 20-si da ilk dəfə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.

Bu əlamətdar gün, ölkəmizin suverenlik və müstəqillik mübarizəsinin simvolu olaraq, xalqımızın tarixində xüsusi yer tutur.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan Gununsesi.info-ya mövzu ilə bağlı fikirlərini belə şərh edib:

“Azərbaycan Respublikasının torpaqlarının erməni işğalından tam azad edərək suverenliyini yenidən bərpa etməsi münasibəti ilə 20 sentyabr Dövlət Suverenliyi Günü təsis edilib. Təqdirəlayiq addımdır və tariximizin şərəfli səhifəsi olaraq bu günü bayram etməyə xalqımızın tam haqqı var. Məlumdur ki, 2023-cü ilin 19 sentyabrında Qarabağ ərazisindəki erməni separatçılarına və terrorçularına qarşı ordumuz tərəfindən lokal tipli antiterror əməliyyatı keçirildi və suverenliyimiz 23 saat ərzində bərpa olunaraq 20 sentyabrda əməliyyat başa çatdı. Bu münasibətlə 20 sentyabr əlamətdar gün olaraq tarixə düşdü. Həqiqədən də aparılan dövlət siyasəti nəticəsində ordumuzun qüdrətlənməsi, xarici siyasətin nəticəsi olaraq xarici düşmənləri və həmlələri dəf etməklə bu əməliyyat keçirildi və suverenliyimiz bərpa olundu. Zəfər günündən sonra qələbə bayramı kimi bu günü də xalqımız unutmamalıdır”.

Dövlət Suverenliyi Gününün əhəmiyyəti nədir? - Millət vəkilindən AÇIQLAMA

Tural İrfan qeyd edir ki, əvvəllər rayonlarımızın işğal tarixini hüznlə, kədərlə xatırlayırdıq, indi o rayonların azad edildiyi günləri bayram kimi vətəndaşlarımız qeyd edir: “30 ilə yaxın işğalda olan çox önəmli, böyük bir ərazimizi qısa müddət ərzində azad etdik, qələbə qazandıq və suverenliyimiz bərpa oldu, möhkəmləndi. Şübhəsiz ki, bu zəfər tariximizi hər zaman yaşatmalıyıq, gələcək nəsillərə ötürməliyik. Bu günü bayram olaraq qeyd etmək hər bir azərbaycanlının borcudur. Hər bir soydaşımızın fəxarət, iftixar günüdür. Başı uca, vüqarlı şəkildə bu günün sevincini yaşamağı nəsib etdiyinə görə böyük Allaha şükr etməli, Ali Baş Komandanı cənab Prezident İlham Əliyevə də duaçı olmalıyıq. Çünki bu qələbənin, suverenliyin bərpasının müəllifi odur. Habelə canlarından keçən Vətən oğullarının xatirəsini əziz, ruhlarını şad etməliyik. Bu əziz gün, şanlı bayram münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm, həmişə belə şanlı bayramlar qeyd etməyi arzu edirəm”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info