2 gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür.
Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bu gün Şirvan şəhərində yeni inşa edilmiş “Gənclər evi” nin açılış mərasimində deyib.
PA rəsmisi qeyd edib: “Lakin Azərbaycan dövləti və xalqı inanır ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli şəkildə həllində müstəsna rolunu oynayacaq”.
O bildirib ki, ölkə Prezidenti və Birinci vitse-prezidentin istəyi və məqsədi Azərbaycan gəncini ağıllı, savadlı, xoşbəxt görməkdir:
“Regionlarda belə mərkəzlərin tikilməsi gənclərin oxumaq, öyrənmək, öz bilik və bacarıqlarını təkmilləşdirmək, ünsiyyət yaratmaq asudə vaxtlarından səmərəli istifadə etmək üçün ideal məkandır. Azərbaycan gəncləri bu gün çox məsuliyyətli bir dövr yaşayır”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Gununsesi.info