Zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxarmaq mümkün deyil - EKSPTERTLƏR MƏLEYKƏ ABBASZADƏNİN FİKİRLƏRİNİ ŞƏRH EDİR

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ibtidai sinifdə verilən bir sıra anlayışların başadüşülməz olduğunu deyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə o, VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı danışarkən onu da əlavə edib ki, nəinki valideynlər heç bəzi müəllimlər üçün də dərsliklərdəki bu anlayışlar başa düşülmür.

O, bildirib ki, təhsil sisteminə problemlər hər zaman kənardan gəlir.

Məleykə Abbaszadə bu kimi uyğunsuzluqların aradan qaldırmasını tövsiyə edir.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan VI çağırış Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev vurğulayır ki, dünya pedaqoqlar və təhsil mütəxəssislərinin gəldiyi qənaətə əsasən, dünyada ən çətin peşələrdən biri dərslik yazma ustalığıdır:

“Dünyaca məşhur riyaziyyatçı Andrey Nikolayeviç Kolmoqorov 7-ci sinif üçün həndəsə yazmışdı. O, 2-3 ildən sonra bunun çox çətin yazdığını etiraf etmişdir. Sovetlər dövründə Kolmoqorovdan üstün riyaziyyatçı olmamışdı. Biz zaman-zaman dərsliklərdəki problemləri qaldırmışıq. Xüsusilə ibtidai təhsil pilləsində olan dərsliklərin təsadüfi adamlar tərəfindən yazılmasını dəfələrlə vurğulamışıq. İndiyədək bu istiqamətdə heç bir ölçü götürülmür və dərsliklər yenidən həmin adamlara verilir. Onlar uzun illərdir ki, dərslik yazmaqda davam edir. İbtidai təhsil pilləsində anlayış məsələsində çox ehtiyatlı olmaq lazımdır. Təhsilin ilk pilləsi olduğu üçün istər şagirdlər, istərsə də müəllimlər üçün bu, həddindən artıq qeyri-müəyyənliklər yarada bilər. İndiki dövrdə ali məktəbi bitirənlərin böyük əksəriyyəti təhsil anlayışlarını bilmir. Çünki bu təhsili ali məktəb verə bilmir. Bu, çox ciddi məsələdir. Məlum olur ki, anlayışları proqram və dərslik çərçivəsində müəllim hazırlayan ali məktəblər də verə bilmir”.

Məleykə Abbaszadənin fikirləri ilə razı olan E.Əliyev bildirir ki, məzmuna uyğun gəlməyən böyük anlayışlar var.

O, deyir ki, əgər həmin anlayışları müəllim və şagird başa düşmürsə, o zaman fəninin mənimsənilməsi ardıcıllığı pozulur: “Şoppenhauer deyir ki, iki cür tərbiyə var. Bir təbii tərbiyə, digəri isə süni tərbiyədir. Əgər anlayışlar əyani təsəvvürlərdən əvvəl gəlirsə, bu, süni tərbiyədir. Əgər əyani təsəvvürlərdən sonra gəlirlərsə, bu isə təbii tərbiyədir. Bu, çox maraqlı yanaşmadır. Bunun üçün də uşaqlarda anlayışlardan çox əyani təsəvvürləri inkişaf etdirmək lazımdır.

Çox təəssüflər olsun ki, bugünkü dərsliklər də bunu vermək iqtidarında deyil. Həmin dərsliklər, əslində, müəllim və uşaq idrakını genişləndirməlidir. Bir çox inkişaf etmiş təhsil sistemləri var. Finlandiya, Yaponiya və s. ölkələrdəki təhsili bura aid etmək olar. Orada əsasən uşaq oyunları hesabına qavrayışı, müşahidəni artırırlar və təsəvvürləri genişləndirirlər. Ancaq bizdə birbaşa anlayışın verilməsi uşaqların həm də fənnə olan marağını azaldır”.

Bu vəziyyəti peşəkarların dərslik yazmalarından kənarda qalmaları ilə əlaqələndirən təhsil eksperti deyir ki, dərsliklərin uzun müzakirələrdən keçmə proseduru yoxdur:

“Mütləq halda, dərsliklərə rəylər bildirilməli və barəsində geniş müzakirələr aparılmalıdır. Dərsliklər elə yazılır ki, həmin şəxslərin uzun illər bu proseslərdə iştirak etmədiyi həmən məlum olur. Çox vaxt fikir də bildirmirlər. Ona görə də bu zəif və anlaşılmaz dərslikləri hələ ki dövriyyədən çıxartmaq mümkün deyil”.

E.Əliyevin sözlərinə görə, DİM-in qəbul imtahanlarında tez-tez dəyişiklikləri isə insanlar arasında çaşqınlıqlara səbəb olur:

“İstənilən dəyişiklik düşünülmüş rasional xarakter daşımalıdır. Çünki burada insan taleyindən söhbət gedir.

DİM-in əsas götürdüyü paradiqma nədir? DİM rəhbəri bütün çıxışlarında və təhlillərində israr edir ki, məktəb proqramından kənarda heç bir test tətbiq edilmir. Yəni bu o deməkdir ki, məsələdən kənara çıxılmır. Problem isə tədrisin keyfiyyətindədir.

Ölkədə mənimsəmə göstəricisinin də çox aşağı səviyyədə olduğunun şahidiyik. Pedaqogikada buna funksional savadsızlığın dairəsinin genişlənməsi deyilir. Bunun adı belədir. Necə ola bilər ki dövlətin təhsilə ayırdığı vəsait və valideynin ondan çox övladının təhsilinə ayırdığı bu iki vəsaitin toplanması nəticəsində uşaqlar 29-42 faiz mənimsəyir? Bu həddindən artıq aporiyadır, çıxılmaz bir situasiyadır. Yəni təkcə bu, məktəbin problemi deyil. Axı repetitorlar da müəyyən biliklər verir. Düzdür, onların da müəyyən işlərin həyata keçirilməsində rolu böyükdür. Ancaq bir təhsil mütəxəssisi kimi, bu göstəricilər məni çox narahat edir”.

Təhsil eksperti, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə Gununsesi.info-ya açıqlamasında bunları deyib ki, Avropada təhsil sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni nəslin inkişafında ibtidai təhsil əhəmiyyəti rol oynayır:

“Çox təəssüflər olsun ki, 2022,2023,2024-cü illərdə Elm və Təhsil Nazirliyinin keçirdiyi ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları təhsil verənlərimizdə ciddi problemlərin olduğunu göstərdi. Son illər məktəbəqədər təhsildən başlamış təhsilin bütün pillələrində tədris akademik və test sınaqlara hədəflənib ki, bunun da tez-tez mənfi nəticələri baş verir. Müəllim xüsusi hazırlıq keçmiş və pedoqoji fəaliyyətlə peşəkarcasına məşğul olan insandır. Yalnız o, pedoqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Bəzən el arasında müəllimi ikinci valideyn adlandırırlar. Müəllim elə bir şəxsdir ki, uşaq altı yaşına kimi valideynin himayəsində, altı yaşdan sonra həm valideynin, həm də müəllimin himayəsində olur. Bu baxımdan da müəllimin uşaqla olan təmasına xüsusi fikir verməli, uşaqlarla necə davranmaq lazım olduğunu bilməlidir. Müəllim üçün bir sıra sahələr var ki, onları bilməsi vacibdir. Məsələn, müəllim psixologiya sənətini bilməli, pedoqogika sahəsində bilikləri olmalı, idarəedici və təşkilatçılıq bacarıqlarına və s. malik olmalıdır. İbtidai siniflərdə müasir dövrün tələbinə uyğun olaraq tətbiq edilməli olan innovasiya yeniliklərə açıqlığı, sərbəst yanaşmanı, komanda ilə işləməyi, ünsiyyət bacarıqlarını, özünə inamı, tez qərar verməyi və həll yönümlü yanaşmanı dəstəkləyən şagird yetişdirməyi ehtiva edir”.

Ekspert vurğulayır ki, təəssüf ki, ölkədə mövcud vəziyyət ibtidai siniflərdə təhsil verənlərin özlərində bu bacarıqların olmadığını açıq şəkildə göstərdi:

“Hər birimiz ibtidai təhsili bünövrə adlandırırıq. Çünki məktəbəqədər təhsildən sonra uşağın daha məsul dövrü, ətraf aləmə, mənəvi dəyərlərə inteqrasiyası, meyil və maraqlarının, dünyagörüşünün formalaşması başlanır, potensial imkanları, psixoloji və xarakter xüsusiyyətləri üzə çıxarılır. Bir sözlə, ibtidai təhsil uşağın dəyərini qiymətləndirən sanki bir məhək daşıdır. Uşağın növbəti səviyyələrdə təhsilinin uğuru birbaşa ona verilən ibtidai təhsilin keyfiyyətindən çox asılıdır. Bir qədər sərt səslənsə də, millətin intellektual genefondunun formalaşmasında ibtidai təhsilin rolunu heç nə ilə əvəz etmək olmaz. Düzdür, bu gün də ölkəmizdə peşəkar, müasir tələblər yönümündə çalışan ibtidai sinif müəllimləri xeyli saydadır. Lakin onu da etiraf etmək lazımdır ki, qarşıya qoyulmuş tələblərlə uzlaşmayan müəllimlər də az deyildir”.

Kamran Həsənonun fikrincə, mövcud vəziyyətə bəzi hallarda yerli təhsil orqanlarının seyrçi mövqedə durması, ötəri münasibət göstərməsi, müsbət mənada fərqlənməyən müəllimlərin fəaliyyətlərini prinsipiallıqla araşdırıb, qiymətləndirməməsi, onları yaxşılarla bir sırada tutmaları qətiyyən yolverilməzdir.

Ekspert deyir ki, mütəmadi olaraq IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri təhlil və müzakirə edilir, mənfi göstəricilər nəzərə çatdırılır:

“Digər obyektiv cəhətlər olsa da, zəif, qeyri-məqbul nəticələr, həqiqətən, həmin uşaqların vaxtilə təhsil aldığı ibtidai siniflərdən qaynaqlanır. Şagird normal ibtidai təhsil almayıbsa, hətta yazıb-oxumaqda, hesablamada ciddi çətinlikləri varsa, yuxarı siniflərdə onun keyfiyyətli təhsil almasından danışmaq çətindir.

Elm, təhsil mütəmadi olaraq yenilənir. İxtisası ilə bağlı bütün yeniliklərdən xəbərdar olmalıdır. Əgər müəllim müasir dövrün innovativ yeniliklərindən xəbərdar olamayacaqsa, o şagirdlərinə heç nə verə bilməz.

Çox vaxt məktəb liderləri dixotomiya yaradırlar: ya şagirdlər, ya da müəllimlər inkişaf edə bilərlər, amma hər ikisi deyil. Əksi doğrudur. Tədqiqatlar göstərir ki, təhsil alanları uğura aparan yeganə davamlı yol məktəblərdir, məhz burada müəllimlər və şagirdlər inkişaf edir.

Təlim və tərbiyə prosesində müəllim nüfuzu olmadan keçinmək mümkün deyil. Ancaq bu nüfuz dağıdıcı yox, yaradıcı olmalı, uşaq şəxsiyyətinin bərqərar olmasına, ona potensialını reallaşdırmağa kömək etməlidir. Haqlı nüfuz qazanmış adamın dedikləri daha tez və yaxşı mənimsənilir”.

Kamran Əsədovun sözlərinə görə, mütəmadi olaraq DİM-in qəbul imtahanlarında dəyişiklik etməsi məhz müəllimləri yox, həm də valideyinləri müasir təhsil çağırışlarından xəbərdar olmamağa məcbur edir:

“Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulur. Nə qədər ki, yaşlı nəsil hələ də məktəblərdə sovet təhsil sistemini tətbiq edirlər, ona kimi bizim gənc kadrlar da müasir ola bilməyəcəklər. Müəllimlərin 70-80 faizi hələ də köhnə kitablardan dərslər verirlər. Bu, çox ağır vəziyyətdir. Bütün bu komplekslərdən çıxmaq lazımdır. İstənilən fənn üzrə müasir dərslər keçirilməlidir. Məsələn, müəllimlərimizin bir çoxu hələ də kompyuterdə işləmək bacarığına malik deyil.

Əgər bir müəllim komyuterlə işləməyi bilmir, yeni metodikaları tətbiq edə bilmirsə, bu şagirdə nə dərəcə də bilik verə bilər? Bundan başqa, indi dünya üzrə yeni metodikaların bəzilər kompyuter vasitəsilə həyata keçirilir. Əgər dünyanın ən keyfiyyətli dərsləri nəzəriyyəyə nisbətən təcrübəyə üstünlük verirlər. Amma bizim dərslərdə tamamilə fərqlidir. Müəllim sadəcə və sadəcə nəzəriyyə tədris edir. Təbii ki, bu bütün müəllimlərə əhatə eləmir. Müasir müəllimlərimiz çoxdur. Sevindirici haldır, bəzən yaşlı nəsil elə bir müasir dərs tədris edir ki, insanı valeh edir”.

Ekspertin sözlərinə görə, savadlı müəllim şagirdə hazır bilikləri verməməli, onun beynində fikrin meydana gəlməsinə, yaranmasına kömək göstərməlidir.

O, vurğulayır ki, yeni nəslin ortaya çıxması ümid verir ki, gələcəkdə müəllimlərimiz müasir səviyyədə dərslər təşkil edəcəklər.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info