Zəlzələ qorxusu təbii qaz istehsalını dayandırdı

  • By admin
  • 02 Oktyabr 2023 12:23

Hollandiya zəlzələ ilə bağlı narahatlıqlar səbəbindən Qroningendə təbii qaz hasilatını dayandıracaq.

Gununsesi.info xəbər verir ki, Hollandiyadakı Qroningen qaz yatağı zəlzələ ilə bağlı narahatlıqlara görə tamamilə bağlanacaq. Bu yer Avropanın ən böyük qaz yataqlarından biri kimi tanınır.

Fransa Xəbər Agentliyinin (AFP) məlumatına görə, “Shell” və “ExxonMobil” şirkətləri tərəfindən idarə olunan Qroningen qaz yatağında zəlzələnin baş verməsi ilə bağlı narahatlıqlar səbəbindən hasilat işləri 2024-cü ildə tamamilə başa çatacaq.

Bu bölgədə qazçıxarma işləri zəlzələlərə səbəb olmuş və orada yaşayan insanları ciddi şəkildə narahat edib.

Son on ildə rayonda qaz hasilatı işlərinin zəlzələlərə səbəb olması burada böyük ehtiyatların çıxarılmasının davam etdirilməsinə mane olub.

Hollandiya hökuməti geosiyasi gərginlik dövründə qaz quyularını tamamilə bağlamadan əvvəl Qroninqen qaz yatağındakı 11 hasilat quyusunu qışın şiddətli keçəcəyi təqdirdə daha bir il açıq saxlamağa qərar verib.

1960-cı illərin əvvəllərində açılan qaz quyularının yerləşdiyi ərazidə yaşayanların son 20 ildə zəlzələlərdən şikayətləri xeyli artıb.

“Shell”in verdiyi açıqlamaya görə, indiyədək Qroningen qaz yatağından təxminən 2.300 milyard kubmetr təbii qaz çıxarılıb. Qaz yatağı 1959-cu ildə Slochteren yaxınlığında kəşf edilib.

Qroningen qazı 1963-2020-ci illər arasında inflyasiya rəqəmləri nəzərə alınmaqla təxminən 429 milyard avro (450 milyard dollar) gəlir əldə edib ki, bunun da 85 faizi dövlət xəzinəsinə gedib.

Səid Əhmədli
Gununsesi.info