“Əslində, əvvəllər Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən Zəngəzur yolu daim fəaliyyət göstərib. Sadəcə, Ermənistanın Azərbaycana qarşı təcavüzündən və sonrakı müharibədən sonra bu kommunikasiya xətləri bağlanıb. Yəni, əgər sülh müqaviləsi imzalanarsa və proses tam şəkildə başa çatarsa, Zəngəzur dəhlizi əvvəlki kimi fəaliyyətini bərpa edəcək”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib:
“Burada söhbət yalnız avtomobil yolundan deyil, həm də dəmir yolu və digər nəqliyyat xətlərindən gedir. Əslində, bu prosesdən fayda götürəcək tərəflərdən biri də Ermənistandır. Çünki dəhliz vasitəsilə həyata keçiriləcək logistika və daşımalar iqtisadi baxımdan onun da maraqlarına xidmət edəcək. Bu halda, hansı problemdən danışmaq olar? Bu əlaqələr vaxtilə mövcud olub, sadəcə müharibə və münaqişə səbəbindən kəsilib”.
Arzu Nağıyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq başa çatıb və sülhün bərqərar olması istiqamətində addımlar atılır.
“Bildiyimiz kimi, ATƏT-in Minsk qrupu artıq fəaliyyətini dayandırıb. Ermənistan daxilində isə konstitusiya dəyişiklikləri və siyasi gündəmlə bağlı müzakirələr aparılır.
Zəngəzur dəhlizini bəhanə gətirərək süni problemlər yaratmaq isə daha çox Ermənistanın daxili siyasəti ilə bağlıdır”-deyə deputat əlavə edib.
Şəbnəm Rəhimova











