Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin açılmasına dair sənədlər yüksək hazırlıq səviyyəsindədir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Aleksey Overçuk İrəvanda keçirilən komissiyanın iclası çərçivəsində “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib.
Overçuk qeyd edib ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə üç ölkənin baş nazirinin müavinlərinin həmsədrliyi ilə işçi qrupu yaradılıb.
“İşçi qrup sənədlər üzərində işləyib və hesab edirik ki, hazırda yüksək səviyyədə hazırdır. İlk növbədə, söhbət dəmir yolu nəqliyyatının liberallaşdırılmasından gedir. Biz bu işi davam etdirməyə hazırıq, Rusiya burada daha çox vasitəçi rolunu oynayır. Əgər tərəflər işi davam etdirməyə hazırsa, əlbəttə ki, iştirak etməyə hazırıq”, – deyə Rusiya baş nazirinin müavini bildirib.
Müsbət məqam kimi Overçuk tərəflərin birbaşa danışıqlara başlamasına işarə edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır.
Gununsesi.info