Xəbər verdiyimiz kimi, dünən Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.
Açılışda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Bəs Ərdoğanın bu səfəri regiondakı digər ölkələrə hansı mesajı verir? Həmçinin bu səfər İranın Araz çayı sahillərində keçirdiyi təlimlərə cavabdırmı?
Ərdoğanın Zəngilana səfər etməsi ilə bağlı deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AZXEBER.COM-a öz fikirləri deyib:
Deputat hava limanının istifadəyə verilməsinin birbaşa Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasından irəli gəldiyini bildirib:
“Zəngilan Hava Limanının açılması müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu hava limanının açılması olduqca strateji əhəmiyyət kəsb edir. Hava limanının açılışında Cənab Prezident İlham Əliyevlə bərabər Cənab Rəcəb Tayyib Ərdoğan da iştirakı bu hadisənin dəyərini və səviyyəsini xeyli dərəcədə yüksəldir. Bu, bir daha sübut etdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir və Azərbaycanda dövlətçiliyimizlə və milli maraqlarımızın reallaşması ilə bağlı bütün tədbirlərdə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti ilə yanaşı durur və iştirak edir. Özünün fikirlərini, ciddi bəyanatlarını böyük coşqu ilə ifadə edir. Bu, dövlətçiliyimiz üçün son dərəcə önəmlidir.
Fəzail Ağamalı onu da əlavə edib ki, Fransa və İran Ərdoğanın bu səfərindən nəticə çıxarmalıdır:
“Heç şübhəsiz ki, Fransanın prezidenti Emmanuel Makronun Azərbaycana qarşı dediyi sərsəm fikirləri unutmamışıq. Avropanın Azərbaycanla Ermənistanın sərhədinə müşahidəçiləri göndərdiyi durumda, eyni zamanda İranın heç bir ehtiyacı olmadan sərhəd boyunda təlimlər keçirərək bizə güc nümayiş etdirdiyi bir anormal vəziyyətdə Ərdoğanın açılışda iştirak etməsi, hətta dediyi sözlərdən başqa, sadəcə görüntüsü kifayət edir ki, həm Fransa, həm də İran molla-fars rejimi özü üçün nəticə çıxarsın. Bu o deməkdir ki, Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, dövlətçiliyimiz və ərazi bütövlüyümüz üçün təhlükə yaranarsa, şübhəsiz ki, qardaş Türkiyə bizim yanımızda olacaqdır. Bu, Ərdoğanın dünyaya növbəti mesajıdır. Mən əminəm ki, şübhəsiz, növbəti ciddi xarakter daşıyan mühüm hadisələrin başlanğıcında olmasında, bundan sonra da çox sevdiyimiz Türkiyənin prezidenti olacaqdır.
Deputat sonda bildirib ki, o, Ərdoğanın növbəti dəfə prezident seçilməsinə inanır:
“Əminəm ki, qardaş türk xalqı 2023-cü ildə keçiriləcək prezident seçkilərində bir daha dünya çaplı, bütün türk dünyasının birləşdirilməsində, vahid bir ittifaqın yaranmasında son dərəcə ciddi rolu olan, ölkə prezidenti Cənab İlham Əliyevlə bərabər addımlayan, Türkiyə dövlətini bu gün dünyada söz sahibi edən Rəcəb Tayyib Ərdoğana bir daha seçiləcək və növbəti illər üçün o, Türkiyəni yüksəklərə qaldıracaq, türk dövlətlərinin ittifaqının möhkəmlənməsində misiliz töhfələrini verəcəkdir”.
Gununsesi.info