Üşüyürəm! Sənsiz çox darıxıram! Nə səsim yetir, nə əlim çatır! 23 ildir yolları, izləri itirmişəm. Ziyarətinə gələ bilmirəm sənin... 23 ildir görmürəm səni. Bağışla məni. Əgər bağışlamaq mümkündürsə… Bakıda dünyaya gəlsəm də, burada boya-başa çatsam da, qəlbimdə hər zaman Zəngilan sevgisi, beynimdə tətil başlasaydı, Zəngilana gedərdim fikri oldu! Beləcə, 14 il yay ayları valideynlərimlə Zəngilana yol alırdım. Bu yolun isə 14-də bitəcəyini heç ağlıma gətirməzdim. Bir soyuq payız günü onu itirəcəyimizi hardan bilərdim ki... O gün heç yadımdan çıxmayacaq, heç... Qardaşımın Türkiyə Universitetlərindən birinə mənim isə Bakı Dövlət Universitetinə qəbul olunma xəbərinin sevincini gözüdolusu yaşamaq həvəsimiz bir anda yarıda qaldı. O acı xəbər gəldi. Anamın hönkürtüsü, otaqda var-gəl etməsi bu gün də gözlərimdə donub qalıb. Axı bütün qohum-əqrəba o tayda qalmışdı. Torpaqımıza düşmən ayağı dəymişdi. Zəngilan mühasirədəydi. Zəngilan reanimasiyada olan xəstə kimiydi... Hamı əlini üzmüşdü ondan! Qonşu rayonlar işğal olunmuşdu. Zəngilan tək qalmışdı. Araz çayı yeganə çıxış yoluydu. İran tərəfi ilə aparılan danışıqlar nəticəsində çay üzərindəki bənddə suyun bağlanması, 30 mindən çox insanın qurtuluşu oldu. Zəngilan son anadək savaşdı. 188 şəhid verdi. Zəngilan işğal edilən sonuncu rayon oldu. Mən o gün tək ANA-ATA yurdumu itirmədim. Orda məzarını qoyub gəldiyim əzizlərimi ziyarət haqqını itirdim... Atamın, babamın, nənəmin, əmimin məzarlarını yad etmək haqqını itirdim. Onlar üçün çox darıxıram. Atamla dərdləşmək istəyirəm, bunu edə bilmirəm... Qəlbim sızlayır... Nə vaxtadək yuxuda atamın qəbrinin uçurulduğunu görüb hıçqırtı ilə yuxudan ayılacam. 23 il çox oldu axı.… Həm də lap çoxxx…. Bağışla məni Ata! Bağışla məni Vətən! Gələ bilmirəm… Gəlməyə qoymurlar… Amma gələcəm, mütləq gələcəm. Gələcəm və deyəcəm: Salam Vətən! Ata, burdayam, Vətəndə…
Afət Telmanqızı