Zəngin dövlətlər əhalisinin sayından çox vaksin alıb

  • By admin
  • 19 Fevral 2021 20:59
İnkişaf etmiş ölkələrin aldığı COVID-19 əleyhinə vaksin dozası onların əhalisinin sayından çoxdur.

Gununsesi.info bildirir ki, bu barədə yoxsulluq və qarşısının alınması mümkün olan xəstəliklərlə mübarizə üzrə “ONE Campaign” təşkilatının məruzəsində deyilir.

Təşkilat virus əleyhinə vaksinin əldə olunması üzrə hazırkı sövdələşmələri təhlil edərək müəyyənləşdirib ki, hazırda ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya, Kanada və Yaponiya özlərini 3 milyarddan çox vaksin dozası ilə təmin edib. Bu, həmin ölkələrin əhalisinin vaksinasiyası üçün lazım olandan 1 milyard doza artıqdır.

Təşkilat bəyan edir ki, ABŞ və Böyük Britaniya bütün dünyada pandemiya ilə mübarizə üçün özlərindəki artıq vaksin dozalarını paylaşmalıdır.

Bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus koronavirus əleyhinə vaksinin dünyada yalnız COVAX proqramı vasitəsilə ədalətli bölünə biləcəyini deyib.

Qeyd edək ki, COVAX gəlir səviyyəsindən asılı olmayaraq, bütün ölkələr üçün COVID-19 əleyhinə peyvəndin bərabər paylanmasını təmin etmək məqsədilə yaradılan təşəbbüs qrupudur. Təşəbbüs Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.

Gununsesi.info