Zərifinin İrəvan səfərinin pərdəarxası məqamları - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 28 Noyabr 2017 17:18

İranın xarici işlər naziri Mühəmməd Cavad Zərifinin İrəvana reallaşan səfəri təkcə Azərbaycanda deyil, digrə region və maraqlı ölkələr tərəfindən diqqətlə izlənməkdədir. Çünki bu səfərdə məqsədin təkcə iki ölkə arasındakı münasibətlərin daha sıx formada qurulması deyil, eyni zamanda İranın bölgədəki mövqeyini möhkəmləndirmək və təsir dairəsini genişləndirməyə xidmət etməkdir. Bu, gün kimi aydındır. 

Ona görə ki, İran hər zaman Cənubi Qafqazdakı marağını açıq formada ortaya qoyub və bu maraqlarının təmin olunması istiqamətində səylərini davam etdirməkdədir. Əgər İrana qarşı beynəlxalq sanksiya dövründə bu maraqları asta və ehtiyatla həyata keçirirdisə, post-sanksiya dövründə maraqların reallaşdırılması açıq müstəvidə və fəal formada həyata keçirilməkdədir. Lakin Zərifinin İrəvana reallaşan bu səfərini təkcə Tehranın bölgədəki maraqlarını təmin etməsi baxımından dəyərləndirmək yanlış olardı. Bu səfər daha çox Tehranın son dövrlərdə beynəlxalq aləmdə yenidən üzləşə biləcəyi izolyasiya siyasəti ilə bağlıdır.

Zərifinin erməni həmkarı Edvard Nalbandyan açılqamasında deyib ki, İrəvanda keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərlə yanaşı, Avrasiya İttifaqı, regional, beynəlxalq məsələlər, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı ərafında yaranan durum müzakirə olunub.

Zərifinin İrəvana səfərinin pərdəarxası məqamını da məhz İranın son dövrlərdə nüvə proqramı ətrafında yaranmış problem və Tehranın Yaxın Şərqdən sıxışdırlması konteksində yanaşmaq lazımdır. Düzdür, İrəvanın beynəlxalq aləmdə heç bir rola malik olmasa da, erməni lobbisinin dünyadakı rolunu danmaq olmaz. Baxmayaraq ki, İran özünü dünyada regional güc kimi təqdim edir və regional güc kimi özünü təsdiq emtəyə çalışır. Bir sıra hallarda beynəlxalq güclər də qarşılıqlı formada Tehranın bu rolundan bəhrələnməyə çalışır. Tehran burada erməni lobbisinin elə də güclü təsirə malik olmadığını bilsə də, “boğulan saman çöpündən yapışar” prinsipinə əməl edərək erməni lobbisinin dəstəyindən yararlanmağa çalışır.

Çünki ABŞ-da Donald Tramp dönəmində Ağ Evin Tehrana qarşı siyasətində kordinal dəyişikliyi və İranla nüvə proqramı ətrafında imzalanan sazişin düz olmadığını və bu sazişin ləğv edilməsi istiqamətindəki fəaliyyəti göz qabağındadır. Tramp administrasiyası Tehranla imzalanan nüvə sazişinə yenidən baxılaraq ləğv edilməsini açıq formada yeganə dəstəkləyən dövlət İsraildir. Avropa Birliyi və digər ölkələr bunun əleyhinə çıxır. Lakin Ağ Evin təzyiq siyasəti nəticəsində bu ölkələrdə əvvəlki mövqelərindən tədricən geri çəkilməkdədir.

Tehranın küncə sıxılması Kremlin də marağındadır

Yaxın Şərqdə proseslərin yeni mərhələyə, xüsusən də Suriyada proseslərin həlledici mərhələyə qədəm qoyması fonunda Tehrana qarşı beynəlxalq təzyiqlərin artması Kremlin də maraqlarına xidmət edir. Çünki Yaxın Şərqdə mövqelərini təmin etmək üçün Kremlə güclü, Yaxın Şərqdə söz sahibi olan İran yox, zəif, beynəlxalq  təzyiqlər altında inləyən İran lazımdır. Odur ki, Kreml son dövrlərdə Tehranla üzdə müttəfiq olduğunu göstərsə də, arxada öz maraqlarını təmin etmək üçün anti-İran koalisiyasında yer almaqdadır. Kremlin bu niyyətini Tehran da bilir. Ona görə də Tehran-Moskva müttəfiqliyi “mehriban düşmənçilik” müstəvisinə keçməkdədir. Düzdür, bu hələlik açıq müstəvidə görünməsə də, bu hərəkətlər müxtəlif diplomatik jestlərdə, səslənən bəyanatlarda və yaxud atılan addımlarda görmək mümkündür.

Noyabrın 28-də Zərifinin İrəvana səfəri zamanı Rusiya XİN başçısı Sergey Lavrovun Beynəlxalq işlər üzrə şurasının iclasında çıxışı zamanı İranla nüvə proqramı ilə bağlı imzalanan sazişinin pozulmasını təhlükə altında olması barədə verdiyi bəyanatı bu qəbildən olan misal çəkmək olar. Lavrov onu da bəyan edib ki, Kreml bunu istəmir və əleyhinə olsa da, lakin bu saziş ciddi təhlükə altındadır olması çox məqamlardan xəbər verir. Bununla Lavrov Zərifinin İrəvan səfərinin heç də Kremlin maraqlarına uyğun olmadığı, yanaşı Tehranın üzləşdiyi problemin ciddiliyinə eyham vurur. Lavrov demək istəyir ki, Tehran daha “uzağa gedən” addımlar atarsa vəziyyəti ağır ola və ona baha başa gələ bilər.

Tehran-Moskva münasibətlərində yaranan gərginlik

Rusiya İranın Yaxın Şərqdən sıxışdırılması və onun bölgədə yerini tutmaq üçün ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıqdadır. Suriyada proseslərin həlləedici mərhələyə qədəm qoyması və bu ölkədə beynəlxalq güclərin maraqlarının bərpa olunmasında İranın Suriya və Yaxın Şərqdən sıxışdırılmasında Moskva ABŞ-la eyni mövqedən çıxış etməkdədir.

Moskva ilk olaraq Suriyada mövqeyini möhkəmləndirmək üçün iranmeyilli kadrları və gücləri moskvapərəst kadrlarla dəyişməkdədir. Moskva bu istiqamətdə konkret addımlar atmaqdadır. Noyabrın 13-də Bəşər Əsədin öz qardaşı Maheri qvaridyanın komandiri vəzifəsindən uzaqlaşdırması bunun bariz nümunəsidir. Əsədin qardaşı Maherin bu vəzifədən uzaqlaşdırılmasına iranpərəst olması səbəb olub. Əsəd qardaşı Maherin yerinə  mahlyuf klanından olan və moskvapərəst bir kadrı gətirib. Kreml bu yolla Suriyadakı iranpərəst kadrları və qüvvələri sıradan çıxarmaq yolunu tutub.

İkincisi, Rusiya İranı Suriya və Yaxın Şərqdən çıxarmaq istiqamətində ABŞ-la birgə addımlarına gəldikdə isə  Dövlət Departamentinin noyabrın 11-də yaydığı bəyanata diqqət yetirmək kifayətdir. ABŞ Dövlət Departamentinin Moskva ilə Ağ Ev arasında  Suriya məsələsində  əldə edilən razılıqla bağlı verdiyi bəyanatda  deyilir ki, “Rusiya Suriyanın cənuq-qərb hissəsindən iran və iranmövqeli qüvvələrin çıxarılmasında bizə yardımçı olacağını öz üzərinə öhdəlik kimi götürüb”. Belə bir razılaşma isə noyabrın 8-də Rusiya, ABŞ, İordaniya arasında imzalanan üçtərəfli memorandumda öz əksini tapıb.

Biz İranın Yaxın Şərqdən və Körfəzdən sıxışdırılması istiqamətind  bura son dövrlərdə hazırlanan planları əlavə etsək, o zaman vəziyəti daha aydın formada görmək olar. Elə son vaxtlarda  İranla Körfəz ölkələri arasında, xüsusən  də Səudiyyə ilə İran arasında yaradılan   sünu gərginik, İraq və Livan da baş verən proseslər, İranın təsir dairəsində olan “Hizbullah”a qarşı başlanan proseslər  bunu deməyə əsas verir. İranın Yaxın şərqdən sıxışdılması fonunda ABŞ Rusiyanın  bölgə ölkələri iləiqtisadi, xüsusən də  hərbi-texniki sahədəki əməkdaşlığına müəyyən mənda göz yumacaq.

Bütün bu sadaladığım faktorlar və digər amillər İranın beynəlxalq aləmdəki vəziyyətinin heç də yaxşı olmadığının göstəricisidir. Bu baxımdan da İran bu vəziyyətdən çıxmaq üçün bütün imkanlardan yaralanmağa çalışır. Məhz Zərifinin İrəvana səfərinin məqsədlərindən biri beynəlxalq izolyasiyanı önlməkdə, həmçinin Yaxın Şərqdə mövqelərinin qorunub-saxlanmasına beynəlxalq erməni lobbisindən dəstək almaq kimi dəyərləndirmək olar. Çünki proseslərin bu cür inkişafı Tehrana yaxşı heç nə vəd etmir. Necə deyərlər. burada söhbət Tehranın  bölgədə oynadığı aparıcı aktyor rolundan məhrum edilməsindən gedir. Tehran isə mövqelərindən geri çəkilməmək və vəziyyətdən çıxmaq üçün axtarışdadır. Proseslərin inkişafını isə zaman göstərəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info