Azərbaycan, Türkiyə və Özbəkistan ordu birləşmələrinin iştirakı ilə keçirilən “Birliyin Gücü–2026” hərbi təlimi təqvim üzrə planlaşdırılan növbəti hərbi tədbirdən daha böyük siyasi məna daşıyır. Sentyabrın 22-də Xocavənd rayonundakı “Qızılqaya” Təlim Mərkəzində başlanan, Naxçıvandakı “Qarabağlar” Təlim Mərkəzini və Xəzər dənizinin Azərbaycan sektorundakı “Böyük Zirə” təlim bölgəsini əhatə edən manevrlər üç türk dövlətinin ilk dəfə eyni siyasi mənafelər ətrafında Qarabağdan Xəzərədək uzanan geniş təhlükəsizlik məkanında fəaliyyət göstərməsidir. Şəxsi heyətlə yanaşı döyüş texnikasının, hərbi aviasiyanın, dəniz vasitələrinin və pilotsuz uçuş aparatlarının təlimə cəlb edilməsi göstərir ki, məqsəd orduların birgə əməliyyatlara hazırlığının yüksəldilməsi, komanda-idarəetmə mexanizmlərinin uyğunlaşdırılması və fərqli qoşun növləri arasında koordinasiyanın yaradılması artıq türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının yeni mərhələyə keçdiyini göstərir.
Təlimin hüquqi-siyasi əsası bir il əvvəl Qəbələdə qoyulmuşdu. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə dünyada baş verən geosiyasi qarşıdurmaları və təhlükəsizlik sisteminin sarsılmasını əsas gətirərək, 2026-cı ildə Azərbaycanda təşkilata üzv dövlətlərin birgə hərbi təliminin keçirilməsini təklif etmişdi. Dövlət başçısı həmin çıxışında türk dövlətlərinin vahid güc mərkəzi kimi fəaliyyət göstərməsinin vacibliyini xüsusi vurğulamışdı. Türk birliyi uzun illər ortaq tarix, dil, mədəniyyət, iqtisadiyyat və nəqliyyat layihələri üzərində böyük inkişaf yolu keçib, lakin təhlükəsizlik və hərbi gücün birləşməsi yeni geosiyasi reallıqda mühüm hadisədir. “Birliyin Gücü–2026” Qəbələdə irəli sürülmüş siyasi iradənin ilk hərbi təzahürü, bəyanatların əməli fəaliyyətə çevrilməsidir.

Təlimin Qarabağda keçirilməsi ona ayrıca tarixi məna verir. Vətən müharibəsinədək azad edilmiş torpaqlarda türk dövlətlərinin birgə hərbi manevrlər keçirməsi nəinki mümkün deyildi, hətta belə bir təklifin özü regionda Birinci Qarabağ müharibəsindən sonra yaranan qüvvələr nisbətinə uyğun real görünmürdü. ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi regionu nüfuz dairələrinə uyğun bölmüşdülər. Cənubi Qafqazın təhlükəsizlik sistemi uzun müddət Rusiyanın hərbi mövcudluğu, İranın regional maraqları və Qərbin strateji iqtisadi-siyasi həmlələri, diplomatik vasitəçilik təşəbbüsləri ətrafında formalaşmışdı. Azərbaycan isə ərazisinin beşdə birinin işğalı şəraitində özünün hərbi qüdrətini nümayiş etdirməsi və regionda fərqli arxitektura qura, strateji planlarını həyata keçirə bilmirdi. 44 günlük müharibədə qazanılan Qələbə torpaqlarımızın azad olunması ilə bərabər, regionda siyasi və hərbi qüvvələrin nisbətini və geosiyasi reallığı da dəyişdirdi. Qarabağda Azərbaycan, Türkiyə və Özbəkistan bayraqlarının yanaşı dalğalanması və ordu birləşmələrinin vahid hədəflər naminə birləşməsi Zəfərin birbaşa nəticəsi, türk faktorunun regionda güclənməsinin aydın mesajıdır.
Qələbədən sonra azad edilmiş ərazilər türk dünyasının həmrəyliyini göstərən böyük quruculuq meydanına çevrildi. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsini həyata keçirdi, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə qayıdışa töhfəsini verdi, müxtəlif türk dövlətləri Qarabağda təhsil, mədəniyyət və humanitar layihələr gerçəkləşdirdilər. Marşal planı səviyyəsində olmasa da, dövlətlərarası qardaşlıq təşəbbüsləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. Lakin qurulan şəhərlərin, açılan məktəblərin, çəkilən yolların və formalaşdırılan yeni həyatın davamlılığı təhlükəsizlik təminatı tələb edir. Humanitar həmrəylik Qarabağın dirçəlişinə xidmət edirsə, hərbi əməkdaşlıq Böyük Qayıdışın və əbədi məskunluğun, güclü Qarabağın toxunulmazlığına xidmət edir. Bir vaxtlar Füzulidə məktəb tikən Özbəkistanın indi Azərbaycan və Türkiyə hərbçiləri ilə birgə təlim keçməsi Əbədi Dostluq Müqaviləsinin real silahlı tərəfdaşlığa çevrildiyini göstərir.

Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı uzun illər prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və güclü siyasi iradəsi ilə yaradılan strateji müttəfiqlikdir. Gələcəkdə Şuşa Bəyannaməsinə qoşulan türk dövlətləri yeni geosiyasi arxitekturanı formalaşdıracaqlar və qalibiyyətimizi daha da gücləndirəcəklər. İki ölkə arasında hər il müxtəlif qoşun növlərinin iştirakı ilə ondan çox birgə təlim keçirilir, qlobal və regional çağırışlara vahid ordu prinsipi ilə hərəkət olunur. Türkvision–2040 müxtəlif sahələrlə bağlı inteqrasiyanın gücləndirilməsini nəzərdə tutsa da, beynəlxalq təhlükəsizlik sisteminin iflasa uğradığı hazırkı şəraitdə önəm daşıyan məhz silahlı birləşmələr arasında əlaqələrin dərinləşdirilməsidir.
Türkiyənin NATO-nun şəxsi heyət baxımından ikinci böyük ordusuna malik olması üçtərəfli təlimə xüsusi əhəmiyyət verir. Ankara uzun illərin NATO təcrübəsini, real döyüş şəraitində sınaqdan çıxmış komanda-idarəetmə imkanlarını, pilotsuz aviasiya, elektron mübarizə, zirehli texnika, raket sistemləri və hərbi gəmi istehsalı sahəsində əldə etdiyi üstünlükləri türk coğrafiyasına daşıyır.
2026-cı il üzrə beynəlxalq hərbi qiymətləndirmələrə əsasən, Türkiyə Silahlı Qüvvələrinin fəal şəxsi heyətinin sayı təxminən 481 min, Azərbaycan Silahlı Qüvvələrinin 128 min, Özbəkistan Silahlı Qüvvələrinin isə 120 min nəfərdir. Beləliklə, “Birliyin Gücü–2026” təlimində təmsil olunan üç dövlətin ordularının ümumi fəal şəxsi heyət potensialı təxminən 729 min hərbçiyə çatır. Rəsmi göstəriciyə ehtiyatda olan hərbçilər və hərbiləşdirilmiş birləşmələr daxil edilməyib.

Özbəkistanın iştirakı isə Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının ikitərəfli çərçivədən çıxaraq daha böyük türk coğrafiyasına yayılmasının göstəricisidir. Mərkəzi Asiyanın ən çox əhalisi olan Özbəkistan regionun böyük siyasi və hərbi mərkəzlərindən biridir. Daşkənd son illərdə ordunun modernləşdirilməsinə, xüsusi təyinatlı qüvvələrin, pilotsuz sistemlərin, hərbi təhsilin və beynəlxalq təlimlərin genişləndirilməsinə ciddi diqqət yetirir. 2025-ci ildə Özbəkistanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birlik–2025” regional təliminin keçirilməsi, ardınca Azərbaycanla 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması Daşkəndin yeni təhlükəsizlik siyasətinin ardıcıl xarakter daşıdığını göstərirdi.
Bakı ilə Daşkənd arasındakı münasibətlər tarixi yaxınlıqdan müttəfiqlik münasibətlərinə qədəm qoyur. Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında strateji körpüyə, Özbəkistan isə türk dünyasının şərqində mühüm siyasi və hərbi tərəfdaşa çevrilir. Xəzərin iki sahilində yerləşən müstəqil dövlətlərin hərbi əməkdaşlığı Orta Dəhlizin, enerji və nəqliyyat kommunikasiyalarının, eləcə də gələcək regional layihələrin təhlükəsizliyi üçün yeni imkanlar yaradır.

Təlimin coğrafiyası Vətən müharibəsindən sonra türk dövlətlərinin məramını aydın nümayiş etdirir. Hərbi təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib və regional sabitliyi gücləndirməyə xidmət edir. Qarabağ Azərbaycanın hərbi Qələbəsinin və bərpa edilmiş suverenliyinin rəmzidir. Naxçıvan Türkiyə ilə birbaşa sərhəddə yerləşir, Zəngəzur hövzəsinə çıxış üzərində alternativsiz mövqeyə malikdir və gələcək regional kommunikasiyaların əsas qovşağıdır. Xəzər isə Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirən enerji, nəqliyyat və təhlükəsizlik məkanıdır. Xüsusi seçilən üç istiqamətin eyni təlimdə birləşdirilməsi Azərbaycanın təhlükəsizliyə artıq yalnız sərhədlərinin müdafiəsi kimi baxmadığını göstərir. Bakı Qarabağın müdafiəsini, Naxçıvanın təhlükəsizliyini, Xəzərdəki enerji infrastrukturlarını və Mərkəzi Asiyaya uzanan nəqliyyat yollarını vahid strateji sistem daxilində nəzərdən keçirir. Daşkəndin Naxçıvan dəmir yolu layihəsində iştirakı da hərbi, iqtisadi və nəqliyyat maraqlarının eyni coğrafiyada birləşdiyini təsdiqləyir.
Rusiya–Ukrayna müharibəsinin davam etdiyi, Qara dənizdə təhlükəsizlik sisteminin sarsıldığı, İran ətrafındakı hərbi-siyasi gərginliyin dərinləşdiyi bir şəraitdə hərbi təlimlər xüsusi məna daşıyır. Pilotsuz uçuş aparatları və raket hücumları, kiberəməliyyatlar, enerji infrastrukturlarına təhdidlər, sərhədlərarası terror və nəqliyyat yolları uğrunda rəqabət klassik təhlükəsizlik anlayışını dəyişdirib. Heç bir dövlət yalnız öz ərazisində yaratdığı müdafiə imkanları ilə yeni təhdidlərin hamısına cavab verə bilməz. Prezident İlham Əliyevin TDT ölkələrinin təhlükəsizlik şuraları rəhbərləri ilə görüşü zamanı ortaq təhdidlərin müəyyənləşdirilməsini, onların neytrallaşdırılması yollarının hazırlanmasını və təşkilat məkanında ümumi təhlükəsizlik arxitekturasının qurulmasını önə çəkməsi məhz fərqli çağırışlardan doğur.
Bununla belə, “Birliyin Gücü–2026” təlimini birbaşa Rusiyaya və ya İrana qarşı yaradılan hərbi cəbhə kimi təqdim etmək doğru olmaz. Təlimin iyul ayında keçirilən planlaşdırma konfransında Azərbaycan, Türkiyə və Özbəkistanla yanaşı İran, Qırğızıstan və Pakistan nümayəndələrinin də iştirak etməsi onun qonşu dövlətə qarşı yönəlmədiyini göstərir. Lakin yeni regional arxitekturanın Moskva, Tehran və İrəvanda diqqətlə izlənəcəyi də şübhəsizdir. Çünki türk dövlətlərinin hərbi koordinasiyasının güclənməsi Rusiya və İranın uzun illər xüsusi təsir dairəsi hesab etdikləri Qafqaz–Xəzər–Mərkəzi Asiya məkanında alternativ güc mərkəzinin formalaşması deməkdir. Azərbaycan dövləti təkqütblü regional sistemi qalibiyyətinin haqqı olan yeni geosiyasi arxitektura ilə əvəz edir.

Qərbin indiki mərhələdə təlimlərə mövqeyi proqnozlaşdırıla bilər. Türkiyə və Azərbaycan alyansla uzunmüddətli tərəfdaşlıq əlaqələrinə malikdir, Orta Dəhlizin, Xəzər enerji infrastrukturlarının və Avropa–Asiya nəqliyyat xəttinin təhlükəsizliyi Qərbin də maraqlarına uyğundur. Türk dövlətlərinin təhlükəsizlik əməkdaşlığı qonşu ölkələrə qarşı hərbi ittifaqa çevrilmədiyi üçün Qərb ona praqmatik yanaşa bilər. Xüsusilə Rusiyadan yan keçən nəqliyyat və enerji yollarında maraqlı olan Avropa dövlətləri üçün Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində sabitlik mühüm geoiqtisadi təminatdır.
“Birliyin Gücü–2026”nın gələcəkdə daha geniş tərkibdə keçirilməsi mümkündür. Qazaxıstan və Qırğızıstanın növbəti təlimlərə qoşulması ən real ehtimallardandır. Hər iki dövlət TDT üzvüdür və Azərbaycanla müxtəlif çoxmillətli manevrlərdə iştirak edib. Pakistan isə TDT üzvü olmasa da, Azərbaycan və Türkiyə ilə yaxın hərbi münasibətləri, həmçinin “Birliyin Gücü–2026”nın planlaşdırma konfransında iştirakı səbəbindən gələcək genişləndirilmiş formatın mümkün tərəfdaşlarından biridir.
Qələbədən sonra Qarabağdan Naxçıvana, Xəzərdən Mərkəzi Asiyaya uzanan yeni geosiyasi təhlükəsizlik arxitekturasının nümayişidir. Türk dünyasının Zəfərini özündə əks etdirən Şuşa yüksəliyi indi Cənubi Qafqazda formalaşan sülh arxitekturasının mərkəzidir.
Zahid ORUC,
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri












