Zəngəzur dəhlizi regionda əməkdaşlığı daha da gücləndirəcək - Ceyhun Bayramov

  • By admin
  • 11 Noyabr 2021 14:11

Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcək.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən səkkizinci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilib, regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb.

“Nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir. Əminəm ki, bu, regionda sülh, təhlükəsizlik və inkişafa töhfə verəcək və bütün türk dünyası, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaqdır. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən çox önəmli Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək, habelə ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Ümid edirik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər” – deyə nazir qeyd edib.

C.Bayramov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir:

” Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir, bütün bu işləri öz maddi imkanları hesabına görür. Dost ölkələrin şirkətlərinin qeyd olunan yenidənqurma işlərində iştirakı bizim üçün əhəmiyyətlidir. Bu kontekstdə, cari ilin sentyabrında Bakıda, eləcə də Budapeştdə baş tutmuş Türk Şurasının biznes forumları xüsusi önəm daşıyır” – deyə Azərbaycan XİN rəhbəri bildirib.

Gununsesi.info