Zəngəzur dəhlizinin taleyi necə olacaq? – POLİTOLOQ AÇIQLADI

  • By admin
  • 30 Sentyabr 2021 12:44

Ötən gün bütün dünyanın diqqəti Soçidə idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun rusiyalı həmkarı Vladimir Putin məhz bu kurort şəhərində regionunda Ankara və Moskvanın toqquşduğu məsələləri müzakirə etdilər. Görüş üç saata yaxın çəkdi, amma detallarla bağlı media nümayəndələrinə hər hansı açıqlamalar verilmədi. Masadakı əsas məsələrdən biri İdlib, digəri isə bizim üçün vacib olan Qarabağ-Zəngəzur məsələsi idi.

Putin və Ərdoğan hansı qərara gəldilər? Zəngəzur dəhlizi açılacaqmı? İdlib məsələsində kompramis əldə olundumu?

Politoloq Qabil Hüseynli Gununsesi.info-ya açıqlamasında söyləyib ki, səfərin yekunları ilə bağlı hər iki tərəf bütün məsələlərdə anlaşdıqlarını ifadə edirlər:

“Amma Soçi görüşün ayrı-ayrı elementləri ilə bağlı açıqlamalar verilmədi. 2 saat 45 dəqiqə davam edən görüş onu deməyə əsas verir ki, müzakirələr gərgin keçib. Bir sıra məsələlərdə qarşılıqlı konsensusa gəlmək üçün xeyli polemika aparmalı olublar. Zənnimcə, görüş bir sıra məsələlər üçün əhəmiyyətli xarakter daşıyıb. Həm İdlib, həm də Qarabağla bağlı məsələlərdə müəyyən irəliləyişlər əldə edilib. Məsələn, yəqin ki, İdlibdə Əsəd rejiminə məxsus qüvvələrin Suriya demokratik müxalifətinə havadan hücumları ən azından bir müddətlik səngiyəcək. Ümumiyyətlə, onlara qarşı hücumlar olmayacaq. Suriya dini müxalifətinin də bölgədən uzaqlaşdırılmasını Türkiyə öz üzərinə götürəcək. Yəni, güc məsələsində konsensus əldə edildiyini ehtimal etmək mümkündür”.

Politoloqun fikrincə, sözsüz ki, Soçi zirvəsində Qarabağ məsələsilə bağlı müəyyən məsələlər uzlaşdırılıb:

“Bu məsələdə də tərəflərin razılığına gəldiyinə inanıram. Çünki bu, Rusiyanın da strateji maraqlarına cavab verir. Bəlkə də hamıdan çox Moskvanın maraqlarına uyğundur. Söhbət Zəngəzur dəhlizindən gedir. Bu dəhlizin açılması hər halda Ermənistanın özü üçün də sərfəlidir. Sadəcə olaraq dəhlizin açılmasında Ermənistanın özünü naza qoyması fikrimcə, sülhyaratma prosesində Azərbaycana təzyiq xarakteri daşıyır. Kommunikasiyaların açılması məsələsində Gümrüdən Bakı-Tiflis-Qars dəmir yoluna da çıxış əldə etməyə çalışırlar. Bunu da Zəngəzur dəhlizi ilə əlaqələndirmək istəyirlər. Yaxın zamanlarda Şərqi və Qərbi Zəngəzurda hələ ki, hərəkətliliyin olması mümkün görünmür. Çünki ATƏT-in Minsk qrupunun danışıqlara qatılması da bir müddətlik hərbi variantları istisna edir”.

Gununsesi.info