Zəngilan aeroportuna IATA kodu təyin edildi

  • By admin
  • 25 İyul 2022 11:36

Zəngilanda yeni inşa edilən hava limanına ZZE – üçhərfli beynəlxalq kodu təyin edilib. 

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair  konfransında (IATA Passenger Services Conference) qəbul edilib.

“Zəngilan rayonundakı beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir. O, regionun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaqdır. Zəngilan hava limanına üçhərfli IATA kodunun təyin edilməsi burada iri və müasir logistika mərkəzinin yaradılması istiqamətində daha bir addımdır”, – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılıb.

IATA-nın üçhərfli hava limanı kodu sərnişin və yük aviadaşımalarının kommersiya təşkilinə xidmət edir. O, beynəlxalq təxsisetmə zamanı və aerovoğzal komplekslərinin yerüstü xidmətlərinin fəaliyyətində, yəni beynəlxalq aviabilet satışı sistemlərində, uçuş cədvəlində, hava əlaqəsində və sairədə  istifadə olunur.

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ – dördhərfli kodu təyin edib.

Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlanılıb.

Zəngilanda beynəlxalq hava limanının tikintisi işlərinin bu ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır. Burada bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər. Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.

Hava limanı terminalının  buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.