Zəngilanda maaşsız qalan fəhlələrin şikayətləri eşidildi

  • By admin
  • 07 Yanvar 2022 20:42

 Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “Ağıllı kənd”in tikintisi ilə məşğul olan işçilərin problemi həll olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə onlar özləri Turan-a bildiriblər.

Dekabrın 30-da onlar bildirmişdilər ki, tikintidə iştirak edən 300-dək işçinin əmək haqqı 2 aydır ödənilmir, əmək müqaviləsi belə bağlanmayıb. Onlar həmçinin məişət şəraitinin pis olmasından şikayət edirdilər.

“Biz hətta 102 xidmətinə də şikayət etmişdik. Məsələ işıqlandırılandan sonra problem öz həllini tapdı. Pulumuzu ödədilər. Amma biz orada işimizi davam etdirməkdən imtina etdik. Çünki biz ora ailəmiz üçün çörək pulu qazanmağa getmişdik, belə işləmək üçün yox”, – deyə işçilərdən biri bildirib.

Kənd Təsərrüfatı Nazirliyindən Turan-a bildirilib ki, yaranmış vəziyyətdə fəhlələri işə götürən və onlarla ödəniş üsulunu nizamlanmayan subpodrat təşkilatı günahkardır. Şirkət bank vasitəsilə pul ödəməyi təklif edib, lakin işçilər pulu nağd şəkildə tələb ediblər, çünki bankomat vasitəsilə almaqda çətinlik çəkirlər:

“Kənd Təsərrüfatı Nazirliyi inşaatçıların əməyinin ödənilməsində iştirak etmir. Biz sadəcə işləri ödəyən sifarişçiyik. Kənd Təsərrüfatı Nazirliyi bu məsələni araşdırıb, fəhlələrin problemi artıq həll olunub”.

Kənd Təsərrüfatı Nazirliyindən qurumla müqavilə bağlayan və subpodratçıları işə götürən baş podratçının adını açıqlaya bilmədiklərini bildiriblər. Şikayətçilərin özləri də subpodratçı şirkətin adını açıqlamayıblar.

 

Gununsesi.info