Zərərçəkən Mövlam Şıxəliyevin gizli zindanını aşkarladığını açıqladı - FOTO

  • By admin
  • 03 Fevral 2022 16:53

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdiyi bir vaxtda onun istintaqdan kənar qalan külli miqdarda varidatı üzə çıxıb.

İbtidai istintaq zamanı Mövlam Şıxəliyevin vaxtilə onun tabeliyində çalışan şöbə rəisi Vüsal Ələkbərov, şöbə rəisinin müavini Sahib Ələkbərov və idarənin rəis müavini Yasin Məmmədovla birlikdə 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurduğu müəyyən edilib. İstintaq Mövlam Şıxəliyevin 7 milyon 738 minlik, Yasin Məmmədovun isə 278 minlik əmlakının üzərinə həbs qoyulub. İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir.

Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.

Zərərçəkənlər bir çox ünvanlarda Mövlam Şıxəliyevin əmlaklarını müəyyən edərək istintaqa bu barədə məlumat veriblər. Zərərçəkənlər müəyyən etdikləri əmlaklarla kifayətlənmirlər. Artıq Mövlam Şıxəliyevin biznes şəbəkəsi və digər əmlakları haqda da məlumatlar əldə etdiklərini deyirlər. Zərərçəkən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev əmlaklarını həyat yoldaşının adına rəsmiləşdirib:

“Bu gün Mövlam Şıxəliyev mənə adamları vasitəsi ilə deyir ki, arvadım Aybənizin adını çəkmə. Qızımın adını çəkmə. Bu adam o qədər abırsız, o qədər dayaz yaddaşlıdır ki…

Ölkədə sahibkar, iş adamı qalmayıb, başının dəstəsi ilə girov götürüblər. Öz şəxsi zindanına çevirdiyi MTN təcridxanasında aylarla, illərlə vətəndaşları, iş adamlarını girov saxlayıblar. Bizlər MTN-də girovluqda olanda, Mövlam Şıxəliyevin tələb etdiyi pulları yığmaq üçünhəyat yoldaşlarımız, qızlarımız qızıl-zinət əşyalarını, evlərini satıb, borca girib, gözləri yaşlı qalıb.

İndi Mövlam Şıxəliyev milli mentalitetə sığınır?

76 gün MTN-də girov saxlanılmışam. 76 gün ərzində ailəm, oğlum, qızlarım zülm-zillət içində olublar. Mövlam Şıxəliyevin indi yadına milli mentalitet düşüb? MTN-də işlədiyi 2005-cü ildən 2015-ci ilə qədər niyə düşmürdü? Mən onun arvadı Aybənizin, qızı Samirənin və oğlu Elgünün da həbsini tələb edirəm! Onun arvadı Aybəniz Şıxəliyeva, 36 yaşlı qızı Samirə Əliyeva və 38 yaşlı oğlu Elgün Şıxəliyev də istintaqa cəlb olunmalıdırlar. Vəkillərimlə bu məsələni müzakirə edib vəsatət də hazırlamışıq. Cinayət Məcəlləsində Mövlam Şıxəliyevin arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün həbsi üçün 2 maddə var.

Cinayət Məcəlləsinin 193-1. maddəsi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlaki leqallaşdirma adlanır.

Bu maddədə nə deyilir?

Yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;

Arvadı da, qızı da, oğlu da Mövlam Şıxəliyevin evinə apardığı torba-torba pulların, qızılların mənbəyini bilib.

Gəlin görək, MTN-in İstintaq İdarəsində rəis işləyən biri maaşla milyonluq mülklər ala bilərdi?

Haradandır torbalarla pullar, qızıllar? Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib.  Çünki həmin əmlaklar cinayət yolu ilə əldə olunub. Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazin atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu, pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir.  Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır.

Cinayət Məcəlləsinin 194-cü maddəsi isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə adlanır.

Bu nə deməkdir?

Mövlam Şıxəliyev, günahı pul qazanmaq olan sahibkarları MTN-ə gətirdib və qanunsuz olaraq həbsə almaqla əllərindən pullarını alıb. Həmin pulları, həmin pullar hesabına əldə etdiyi varidatı arvadı Aybənizin, qızı Samirənin, oğlu Elgünün adına dövr etdirib.

Mövlam Şıxəliyev cinayət yolu ilə əldə etdiyi əmlaklara ailə üzvlərini də şərik etməklə onları da cinayətkara çevirib. Azərbaycanda Mövlam Şıxəliyevin soyğununa məruz qalan şəxslərdən biri də mən olmuşam. Təsəvvür edin ki, çağırıb deyiblər ki,  pul ver. Mən də heç bir cinayətim olmadığını demişəm, pul verməkdən imtina etmişəm. 2 ay yarım məni həbsdə saxlayıb evimi, oğlumun maşınını, qızlarımın, həyat yoldaşlarımın qızıl-zinət əşyalarını satdırıb pulunu alıblar. Bundan sonra məni qanunsuz həbsdən azad etsələr də, yenə də əl çəkməyiblər. Mövlam Şıxəliyev tipik dələduzdur. Hər dəfə bir şey fikirləşib məndən pul qoparırdı. Gah deyirdi ki, ad günümdür, mənə kostyum al. Gah deyirdi rütbə almışam, pul ver. Mənim kimi yüzlərlə iş adamı, sahibkarlar olub ki, şərləyib qanunsuz həbs ediblər, girov saxlayıblar, pul alıb buraxıblar. Amma əl çəkməyiblər.

Zərərçəkən Əhməd Mirzəyev var. Ondan da yarım milyon dollar alıblar. Azad edəndən sonra isə 25 min dollara kostyum aldırıb. İndi də kişilikdən danışır. Başqa kişinin puluna alınan kostyumu əyninə geyinib və zəng eləyib ki, bəs 2 ədəd də qızıldan olan “Vertu” al gətir.

Budur kişilik?

Onun qızı Samirə Əliyev Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyev özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdırlar!

Biz zərərçəkənlər buna nail olacağıq!

Mövlam Şıxəliyev “Sədərək” və “Binə” bazarlarında işləyəyən sahibkarlara illərlə qan uddurub. Bazarlarda MTN-in Elçin və Mehman adlı əməliyyatçılarının əli ilə sahibkarları rəsmən soyublar. Mövlam Şıxəliyev zərərçəkən Sərdar İsmayılovun yarım milyonluq malını qaçaqmal elan edib və əlindən alıb.

 

Bilirsiz sonra neyləyib?

Həmin malı biznes şərikləri Çingiz Ağayev və Yaşar Cabbarov vasitəsi ilə “Sədərək” bazarında satdırıb.

Sərdar İsmayılov və onunla bərabər tutduqları 5 nəfərdən 2 milyona yaxın pul alıblar. Bu gün istintaq Mövlam Şıxəliyevin mal varlığının çox cüzi bir hissəsini üzə çıxarıb, rəsmiləşdirib. Biznesini isə ümumiyyətlə araşdırmayıblar. Mən Mövlam Şıxəliyevin geniş biznes şəbəkəsini, vergidən 100 milyonlarla manat yayınmasını da araşdırıram. Öyrəndiyim bəzi yeni məlumatları da deyirəm.

Bakıxanov qəsəbəsində, Muxtar Fətəliyev 90 ünvanında Mövlam Şıxəliyevə məxsus olan, Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilən 3  mərtəbəli “Lava” hamam kompleksi var. Elə həmin binada “Mini Sədərək” adlı bir, “Elit Cehizlik” adlı ikinci böyük mağaza da var.  Həmin ünvandan Mövlam Şıxəliyevgil adamlara işgəncə vermək üçün də istifadə ediblər. Bu haqda əlimdə məlumatlar var, onaları da Baş Prokurorluğa təqdim edəcəyəm. Bundan başqa Çingiz Ağayev, Yaşar və Vüqar qardaşları üzərindən baş ofisi Dərnəgüldə olmaqla santexnika alveri ilə məşğuldurlar. “BAXİ” mağazalar şəbəkəsi ilə Mövlam Şıxəliyevin əlaqəsi var. Bu gün ölkəyə gətirilən telefon aksesuarlarının biznesi də Mövlam Şıxəliyevin inhisarındadır. Telefon aksesurlarını Bakıda “Velotrek” ərazisində, 28 May, Neftçilər, Əhmədli, Sumqayıtda və respublikanın digər ünvanlarında “Zone 1” mağazalar şəbəkəsi üzərindən reallaşdırırlar.

Hər ay 10 milyonlarla manatlıq telefon aksesuarları satılır, lakin vergi, gömrük rüsumu şəkilində qəpik-quruş ödəyirlər

 

Vergilər Nazirliyi araşdırsa, Gömrük Komitəsi diqqət etsə, görəcəklər ki, ölkədə hər ay 10 milyonlarla manatlıq telefon aksesurları satılır, lakin vergi, gömrük rüsumu şəkilində qəpik-quruş ödəyirlər.

1 konteyner telefon aksesuarını vergidən yayındırmaq üçün çox ciddi fırıldaq edirlər. 70 min manata rəsmiləşdirilən aksesuarlara görə rəsmi olaraq vergi şəkilində 1 milyon yarım pul ödənməlidir.

Həmin 1 konteyner aksesuarın satışından isə 4-5 milyon gəlir əldə edirlər. Mövlam Şıxəliyev Azərbaycanda sahibkarları soyub-talan etməklə əldə etdiyi pulları Çingiz Ağayevlə Yaşar Cabbarov üzərindən xaricdə biznesə yatırıb. Çində “Ronddel” adlı alışqan istehsal edən fabrika açıb. Həmin alışqanları Dubayda, Latın Amerikası ölkələrində, Rusiyada, Azərbaycanda satdırıb. Hesablamalarıma görə bu işdən 10 milyonlarla gəlir əldə edib.  Kişilikdən danışan Mövlam Şıxəliyev Azərbaycanda Almaniyanın “Arshia” qazanlarını satan qadın sahibkarın başına müsibət açıb.  Həmin qadının oğlunu narkotiklə həbs etdiriblər.  Onu məcbur ediblər ki, Almaniyadan həmin “Arshia” şirkətinin mallarını alıb ölkəyə gətirməsin.

Mövlam Şıxəliyev də, ona cinayət yolu ilə əldə olunan vəsaitləri leqallaşdırmaqda kömək edənlər də…

Bundan sonra Mövlam Şıxəliyev Çində qazan fabrikası açıb və saxta “Arshia” qazanlarını ölkəyə gətirtdirərək satdırıb.  Mövlam Şıxəliyev ölkədə sahibkarlığı çökdürüb, sahibkarları iş-gücdən etməklə, pullarını, bizneslərini əllərindən almaqla ölkədən didərgin salıb. Bunun əvəzində özü qanunsuz sahibkarlıqla məşğul olub. Bütün bu məlumatları, faktları prokurorluq orqanına təqdim edəcəyəm ki, araşdırıb hüquqi qiymət versinlər. Mövlam Şıxəliyev də, ona cinayət yolu ilə əldə olunan vəsaitləri leqallaşdırmaqda kömək edən ailəsi də, Çingiz Ağayev, Yaşar və Vüqar Cabbarov qardaşları da istintaqa cəlb olunmalıdırlar.

 

 

Gununsesi.info