Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutları hasilat sənayesi ilə bağlı prosesdən kənarda qalır

  • By admin
  • 31 Dekabr 2020 17:14

Təbii ehtiyatlar heç də həmişə bu sərvətlərə malik xalqlara xoşbəxtlik gətirməyib. Neft, qaz və mineral ehtiyatlarla zəngin olan əksər ölkələrdə uzun illər yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunub. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olub. Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü(MHŞT) təbii ehtiyatlarla zəngin ölkələrdə neft, qaz və mədən sənayesi şirkətlərinin hökumətə etdiyi ödənişlərin, hökumətin əldə etdiyi gəlirlərin ictimaiyyətə tam açıqlanması və yoxlanılması yolu ilə təkmilləşdirilmiş idarəetməni dəstəkləyir. Bu mənada, Azərbaycanın Ümumi Daxili Məhsul istehsalında payı 90 faizdən artıq olan Hasilat Sənayesində hesabatlılıq və şəffaflığın təmin edilməsi  son dərəcə vacibdir.

2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olan Azərbaycanın Qeyri-Hökumət Təşkilatları prosesdə aktiv rol aldı. 2004-cü ilin noyabrında Azərbaycanda MHŞT üzrə Komissiya, yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında MSŞT-nin Azərbaycanda tətbiqi mexanizminin həyata keçirilməsinə dair Qarşılıqlı Anlaşma Memorandumu (http://eiti.az/index.php/az/senedler/memorandum) imzalandı.

Azərbaycanın 2005-2018-ci illər üzrə hazırladığı MHŞT hesabatlarında Vətəndaş Cəmiyyəti İnstitutlarının rəyi yer alırdı.

 

Azərbaycan MHŞT-ni tərk etdikdən sonra Prezidentin 5 aprel 2017-ci il tarixli Fərmanı ilə yaradılan HSŞ Komissiyası  da, vətəndaş cəmiyyəti nümayəndələrinin hesabatlılığın bütün mərhələlərində iştirakının təmin edilməsini təmin etdi. Azərbaycanın 2018-ci il üçün Hasilat Sənayesində Şəffaflıq üzrə hesabatı da, Standartın tələblərinə uyğun hazırlanıb vətəndaş cəmiyyəti institunun rəyi ilə birgə cəmiyyətə  təqdim edildi. 2020-ci il 28 iyul tarixli Prezident fərmanı (https://president.az/articles/40124) ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya ləğv edildi. Həmin Fərmanla HSŞ üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə (DSK) həvalə edildi.  Amma hazırda vətəndaş cəmiyyətinin prosesdə rolu ilə bağlı məsələlər açıq qalıb.

 

 

DSK-nın ilkin sənədində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə bağlı heç bir məlumat yoxdur

 

Əldə etdiyimiz məlumata görə, Dövlət Statistika Komitəsi Hasilat Sənayesində Şəffaflıq üzrə statistik göstəricilər sisteminin hazırlanması üçün ilkin sənəd hazırlayıb. Sənədin hasilat sənayesində şəffaflıq üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın tətbiqi, bu sahədə rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə hazırlandığı bildirilir.

Toplanıb açıqlanacaq məlumatlara hasilat sənayesi müəssisələrinin hasil və ixrac etdiyi hasilat sənayesi məhsullarının həcmi və dəyəri, əsas infrastrukturu, məhsul növləri üzrə dövlətə ayırmaları və ödənişləri, neft və qaz sazişləri çərçivəsində dövlətə verdikləri  məhsulların həcmi, əməliyyat xərcləri və onların strukturu, sosial məqsədlərə çəkdikləri  xərclər, aktivləri, əsas kapitala yönəltdiyi investisiyalar, işçilərinin sayı və onların əməkhaqqı barədə, eləcə də ölkə üzrə tərtib edilən enerji və əmtəə balansı, əsas makroiqtisadi göstəricilər daxil ediləcək.

Hazırlanan ilkin sənəddə yürüdüləcək prosesdə vətəndaş cəmiyyətinin rolu və iştirakçılığı ilə bağlı heç bir məlumat yoxdur. Baxmayaraq ki, HSŞ ilə bağlı açıqlanan məlumatların etibarlılığı vətəndaş cəmiyyəti təmsilçilərinin prosesdə iştirakına əsaslanır.

 

“Hazırda nə öhdəliklər var, nə vəzifələr, nə də bu sahədə hüquqlar”

 

Mədən sənayesində şəffaflığın artırılması təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olmuş, iqtisadçı Qubad İbadoğlu o qənaətdədir ki, Azərbaycanın MHŞT-dən çıxmasına səbəb olan vəziyyətin son 3 ildə dəyişməməsi təəssüf doğurur: “Azərbaycanla bağlı problem ölkədə Vətəndaş Cəmiyyəti İnstitutlarının vəziyyətinin pisləşməsi ilə bağlı yaranmışdı. Hazırda da düşünmürəm ki, bu problem aradan qalxıb. Vətəndaş Cəmiyyəti İnstitutları ilə bağlı mühit əvvəlki kimi qalır.

 

Amma Azərbaycan MHŞT-yə qoşulduqdan sonra Vətədaş Cəmiyyəti İnstitutları  üçtərəfli memorandumun bir tərəfi idi. Memoranduma uyğun VTC-nin öhdəlikləri, funksiyaları və vəzifələri var idi. Hazırda isə nə öhdəliklər var, nə vəzifələr, nə də bu sahədə hüquqlar. Hazırda yeni bir mühit yaranıb. Hesab edirəm ki, büdcə və digər istiqamətlərdə olduğu kimi, şəffaflıq, hesabatlılıq və iştirakçılıq təşəbbüsləri göstərən eyni addımları burada da, atmaq lazımdır. Amma xüsusi bir platforma yaradılacağını gözləməyə dəymir. Vətəndaş Cəmiyyəti İnstitutları digər istiqamətlərdə necə işləyirsə, burada da eyni fəaliyyətə davam etməlidir”.

 

İqtisadçı ekspert, MHŞT üzrə Çoxtərəfli qrupda uzun müddət təmsil olunan Azər Mehtiyev deyir ki, Vətəndaş Cəmiyyəti İnstitutları artıq hasilat sənayesi ilə bağlı prosesdən kənarda qalıb: “Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutları artıq prosesi yenidən sıfırdan başlamalıdır. Özü üçün yeni iş üsulları müəyyənləşdirməlidir ki, neçə işləsinlər. Hasilat Sənayesində Şəffaflıq beynəlxalq təşəbbüs olduğundan, vətəndaş cəmiyyəti bu işi yürütmək üçün dəstək ala bilər. Azərbaycan MHŞT təşəbbüsündən nə qədər kənarda olsa da, bütövlükdə şəffaflıq və hesabatlılıq məsələsi beynəlxalq gündəmdə olan məsələdir.  Bütün beynəlxalq təşkilatlar bu məsələyə önəm verir. Azərbaycan  isə hələ də, Açıq Hökumətin Təşviqi üzrə beynəlxalq prosesdə iştirak edir. Bu təşəbbüsə istinad edib, bəlkə də, hansısa səviyyədə irəli getmək olar. Vətəndaş Cəmiyyəti yenidən səfərbər olmaqla, bu prosesi təşviq etməli, hökuməti MHŞT standartlarına uyğun təşəbbüsləri reallaşdırmağa sövq etməlidir”.

 

 

 

“VCT-nin hesabatlara rəy vermək, şirkətlərin hesabatlılığını monitorinq etmək hüququ olmalıdır”

 

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də deyir ki, hazırda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı məsələdə açıq qalan məsələ vətəndaş cəmiyyətinin iştirakçılığıdır: “Bu istiqamətdə də, keçmiş təcrübəmizi unutmamalıyıq. Həm Dövlət Statistika Komitəsi, həm də vətəndaş cəmiyyəti bu istiqamətdə təşəbbüslər irəli sürməlidir. Koordinatoru olduğum Azərbaycan Açıq Hökumət Platforması bu cür təşəbbüslərin müzakirə olunduğu bir müstəvi kimi nəzərdən keçirilə bilər. Platforma bu istiqamətdə işləyəcək. Bu zaman bir neçə prinisp rəhbər tutulmalıdır, VCT yalnız müşahidəçi ola bilməz, VCT-nin hesabatlara rəy vermək, həmçinin, şirkətlərin hesabatlılığını monitorinq etmək hüquqları olmalıdır”.

 

 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da o qənaətdədir ki, ölkənin MHŞT prosesindən kənarda qalmaması üçün vətəndaş cəmiyyəti institutları daha aktiv fəaliyyət göstərməlidir: “Azərbaycanda aktiv Vətəndaş Cəmiyyəti İnstitutları yavaş-yavaş sıradan çıxır, qanunların dəyişməsi isə vəziyyəti ağırlaşdırır. Vətəndaş cəmiyyəti nümayəndələri qanunların müzakirəsinə, digər proseslərə dəvət edilmir. Dayanmadan ictimai təsir yaratmaq üçün bu sahədə maraqlı VTC nümayəndələrindən ibarət bir qrup yaradılmalıdır. Addım-addım hesabatlılıq və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətimizi gücləndirməliyik. Ölkədə korrupsiyanın kökünü kəsmə iqtidarında olan bir qruma çevrilməliyik. Yeni bir güc mərkəzi formalaşdırılmalı, indiyədək yol verilən səhvlər müzakirə edilməli və yeni format ətrafında işlər aparılmalıdır”.

 

 

“Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının potensialı yüksəkdir”

 

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti, MHŞT prinsiplərinin Azərbaycanda təbiqində böyük təcrübəyə malik  Sabit Bağırov prosesdə vətəndaş cəmiyyətinin rolunun artırılmasının tərəfdarıdır: “Vətəndaş Cəmiyyəti deyəndə, ilk növbədə 3 oyunçunu qeyd etməliyik: Qeyri-Hökumət Təşkilatları, müstəqil ekspertlər və media. Əlbəttə, Hasilat Sənayesində Şəffaflığın təminində bu institutların rolu böyük ola bilər. Amma onların fəaliyyəti üçün müəyyən şərait olmalı, bu institutlar sərbəst və imkanlı olmalıdırlar ki, müəyyən fəaliyyəti həyata keçirə, araşdırma apara bilsinlər.

 

 

Benefisiar sahiblik məlumatları açıqlanarsa, ictimaiyyət üçün maraqlı məlumatlar üzə çıxa bilər. Bu məlumatlar isə sonradan təhlil edilməlidir ki, nə dərəcədə həqiqəti əks etdirir, nə dərəcədə dolğundur. Həqiqətənmi açıqlanan şəxslər həmin qurumların benefisiar sahibləridir?! Bu təhlillərin aparılmasında müstəqil ekspertlərin rolu çox vacibdir. Belə ekspertlər Azərbaycanda var. Bu il Almaniya Marşal Fondu tərəfindən dəstəklənən layihə çərçivəsində bizim üç tanınmış ekspertimiz müvafiq tədqiqatlar aparmış və nəticələr də hesabat şəklində dərc edilib. Bu hesabatda rol alan Mədən Sənayesində Avrasiya Bilik Mərkəzinin rəhbəri, professor İnqilab Əhmədov, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Azər Mehtiyev və Mərkəzin eksperti Samir Əliyevə cəmiyyətdə etimad var. Həmin şəxsləri həm də hasilat sənayesində fəaliyyət göstərən şirkətlər də yaxşı tanıyır, həm də ölkə və beynəlxalq səviyyədə tanınırlar. Bu ekspertlər uzun illər Mədən Sənayesində Şəffaflıq Hesabatlarının hazırlanmasında müstəqil ekspert olaraq iştirak ediblər.

Qeyri-Hökumət Təşkilatları sahəsinə gəldikdə də, onlarla təşkilat 2004-cü ildən indiyədək bu sahədə ixtisaslaşıb. Müxtəlif kampaniyalar, görüşlər, maraqlı tərəflərlə müzakirələr, bu sahədə fəaliyyət göstərməyən digər QHT təmsilçilərinə təlimlərin keçirilməsi işini uğurla yerinə yetirən təşkilatlar var.

Mediada da artıq müvafiq potensial formalaşıb. Qeyd etdiyim layihə çərçivəsində 12 jurnalist müvafiq təlimlərdən keçib. Benefisiar sahibliyin açıqlanmasına yönələn 20-yə yaxın məqalə yazılıb. Bir sözlə, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının potensialı yüksəkdir. Problem yetərli maliyyə imkanlarının olmamasındadır”.

 

 

“Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü beynəlxalq təşəbbüsdür. Bir sıra beynəlxalq qurumlar var ki, müxtəlif ölkələrdəki vətəndaş cəmiyyəti institutlarına yardım etməyə hazırdırlar. Bir çox ölkələrdə bu işi görən təşkilatlar Azərbaycanda da işləməyə maraqlı idi. Amma təəssüflər olsun ki, həmin təşkilatların fəaliyyəti Azərbaycanda qanunvericiliyə edilən dəyişikliklər  səbəbindən xeyli məhdudlaşıb. Həmin beynəlxalq fondların maliyyə imkanlarından Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutlarının yararlanma imkanı məhduddur. Azərbaycanda bu sahədə VTC-lərə dəstək verən qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Şura bu sahəyə müəyyən dəstək göstərsə də, bu vətəndaş cəmiyyəti institutlarının yetərli fəaliyyəti üçün kifayət deyil. Azərbaycanda QHT, ekspert və media potensialı əksər ölkələrdən yüksək olsa da, sadəcə, bu institutların Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü sahəsində fəaliyyəti xeyli zəifləyib. Bunun əsas səbəbi isə maliyyə mənbələrinə əlçatanlığın olmaması ilə bağlıdır”,- deyə S.Bağırov qeyd edir.

Hasilat sənayesində şəffaflıq və hesabatlığın təmin edilməsində informasiya sahibi olan hökumət və istehsalçı şirkətlərlə yanaşı, Vətəndaş Cəmiyyəti İnstitutlarının da rolu böyükdür. Dünyada qəbul edilən prinsiplərə görə hasilat gəlirlərinin şəffaflığının təmin olunması, şirkətlərin dövlətə ödənişlərinin və dövlətin müvafiq gəlirlərinin açıqlanaraq üzləşdirilməsi üsulu ilə həyata keçirilir. Açıqlanan məlumatların etibarlılığının təmin edilməsi hesabatın keyfiyyətli hazırlanması ilə bərabər vətəndaş cəmiyyəti təmsilçilərinin HSŞ prosesində iştirakına əsaslanır. Bunun üçün vətəndaş cəmiyyəti nümayəndələrinin açıqlanan HSŞ  hesabatında rəyi öz əksini tapır. Həmçinin, məlumatlarının yayılması, əhalinin hasilat gəlirləri barədə maarifləndirilməsində VTC-nin rolu əvəzsizdir. Bu mənada vətəndaş cəmiyyətinin təmsil olunmayacağı prosesin hasilat sənayesində şəffaflıq prinsiplərinə nə dərəcədə cavab verəcəyi sual altındadır.

 

Xalid Vahidoğlu

Gununsesi.org