Zabuxda yaşayan ermənilər əslində kimlərdir…

Artıq bir neçə gündür ki, Laçın rayonunun Zabux kəndində məskunlaşan ermənilər Azərbaycan ərazilərini tərk etməyə başlayıblar. Ermənistan mətbuatının məlumatına görə, burada qanunsuz yaşayan ermənilərə avqustun 25-ə qədər kənddən çıxmaları üçün vaxt verilib. 

Gununsesi.info  xəbər verir ki, hazırda Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazidə, Zabux çayının sahilində salınan bu kənd Rusiya sülhməramlılarının nəzarət etdiyi “Laçın dəhlizi”ndə yerləşir. Ermənilər kəndi “Aqavno” adlandırırlar.

Ermənistan KİV-lərində yer alan xəbərlərə görə, burada 300-ə yaxın erməni yaşayır. Onlar əsasən İrəvan hakimiyyəti tərəfindən Livan, Suriya və İraqdan Zabuxa köçürülənlərdir.

Qeyd edək ki, Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1933-cü il yanvarın 1-nə olan məlumata əsasən, Zabux kəndində 151 sakin (76 kişi və 75 qadın) yaşayıb. Əhalinin 99 faizi azərbaycanlılardan ibarət olub.

Kənd 1992-ci ilin mayında erməni silahlı dəstələri tərəfindən zəbt edilib. Bir neçə ay sonra kəndə gələn kanadalı jurnalist Daniel Brok bildirib ki, Zabux “tamamilə tərk edilib” və yalnız “onlarla yanmış, damsız ev” qalıb.

Onu da bildirək ki, livanlı erməni biznesmenlər 2013-cü ildə Zabux ərazisində yeni qəsəbə salıblar. Qəsəbədə 150-dən çox ev tikilib. Livandan köçürülən ermənilər həmin evlərə yerləşdirilib.

Bəs, Zabuxdan köçürülən ermənilərin taleyi necə olacaq?

Onların bəziləri kəndi tərk etməyəcəklərini, silahlı müqavimət göstərəcəklərini bildirirlər. Bununla belə xəbərdarlığa əməl edib, köçə hazırlaşanlara da rast gəlmək olar. Lakin onlar erməni xislətindən irəli gələrək yaşadıqları evləri yandıracaqlarını, ətraf mühitə ziyan vuraraq, kənddən çıxacaqlarını deyirlər.

Laçından çıxan ermənilərin taleyinə gəlincə, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələyə münasibət bildirmişdi. O çıxışında vurğulamışdı ki, Zabuxdan köçürülən ermənilərin taleyi hakimiyyyət tərəfindən müəyyən olunacaq.

Belə ki, iyunun 27-də keçirilən onlayn mətbuat konfransında Nikol Paşinyan “Laçın dəhlizi”ndə yerləşən Zabux və Sus kəndlərinin, Laçın şəhərinin Azərbaycana təhvil verilməli olduğunu diqqətə çatdırıb. O deyib ki, kənddən çıxan ermənilər mənzillə təmin olunmalıdırlar.

 

Paşinyan hesab edir ki, Zabuxdan köç edən ermənilərin problemini Qarabağ separatçıları özləri həll etməlidir. Onların harada yerləşdiriləcəyi sualına cavab verən Ermənistan Baş naziri “Zabux sakinlərinin” separatçıların olduğu əraziyə köçürüləcəyini söyləyib.

Digər məlumatda isə ermənilərin Zabuxdan Xankəndi istiqamətində köçürüləcəyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında İkinci Qarabağ müharibəsinin başa çatması ilə bağlı üçtərəfli sazişin şərtlərinə əsasən, kəndin yerləşdiyi “Laçın dəhlizi” Rusiya sülhməramlılarının nəzarətinə keçib. Laçın rayonunun özü isə dekabrın 1-də Azərbaycanın nəzarətinə qaytarılıb.

“Laçın dəhlizi”nə alternativ olan yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Azərbaycanın üzərinə düşən yolun tikintisi artıq hazırdır, Ermənistan isə ərazisindən keçən yolun gəlin ilin yazında hazır olacağını bəyan edib.

Gununsesi.info