Zahid Oruc: "Sülh istəyən erməni Qarabağda dinc yaşamaq istəyirsə"..

  • By admin
  • 05 Aprel 2022 11:42

“Azərbaycan ordusunun Xocalının Fərrux kəndi və yüksəliyinə nəzarətindən sonra Amerika Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq. Əvvəla, torpaqlarımızda ikinci ölkənin silahlı qüvvələrinin yolverilməzliyi dəfələrlə bəyan edilib və Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbacan dövləti və ordusudur. Ona görə də Xocalıya, Əsgərəna, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil”.
Gununsesi.info.xəbər verir ki, bunu Milli Məclisin Komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc bildirib:
“Beləliklə, son hadisələr, iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir və belə lokal gərginliklər “sülh müqaviləsi”nin imzalanmamasının birbaşa nəticəsidir!

Əməliyyatın İrəvan tərəfindən “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırılması həqiqəti əks etdirmir. Çünki Ordumuz mülki ermənilərlə savaşmır, digər tərəfdən erməni silahlı qüvvələrinin Qarabağdakı qalıqları nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var! Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin!
Ölkəmizi Rusiya sülhməramlı qüvvələrlə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünür.Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir.
Geniş auditoriyası olan xarici media orqanlarında, eləcə də Serbiya prezidentindən müxtəlif ekspert cəmiyyətlərinə qədər Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması, bağlantılar qurulması, ölkəmizin “ikinci cəbhə” açdığına dair iddialar sürülməsi 44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır.90-cı illərdən fərqli olaraq, xalqımız belə ssenariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır.

Dünya tarixində ən böyük absurd, “Minsk qrupu”nun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdiyi qiymətdir. Necə ola bilər ki, yüzdən artıq dövləti Moksva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran Amerika və Fransa dövlətləri Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin, Qarabağa aid olmayan Minsk qrupu Amerika və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq!

Hazırkı Ukraynada savaşın köklərini SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir. Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar. Biz dünyaya deyirik-Ukraynaya göstərdiyiniz total dəstəyi ölkəmizə münasibətdə də təkrarlamağınızı gözləmirik, lakin heç olmasa, qarşımızda durmayın. Bu, hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarınızı kağız parçasına çevirir.

Gununsesi.info