Prezidentliyə namizəd Zahid Oruc 16 yanvar 2024-cü il tarixində İogan Mörfinin (Eoghan Murphy) başçılıq etdiyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, missiya üzvləri Zahid Orucun seçki kampaniyasına hazırlığı və prosesin gedişatı, ölkədəki seçki qanunvericiliyi və namizədlər üçün ayrılmış resurslar, o cümlədən maliyyə resursları, onun seçkilərdə iştirakındakı əsas hədəfləri və məqsədi, ölkədəki insan haqlarının ümumi vəziyyəti, xüsusilə media və partiyalar haqqında qanunlara münasibəti ilə maraqlanıblar.
Öz növbəsində Zahid Oruc seçki hazırlıqlarının ardıcıl şəkildə davam etdirildiyini bildirib.
O, seçkilərə qatılmasının əsas səbəbləri, məqsədi, platforması haqqında məlumat verib, seçki mühiti, seçkilərə qatılan digər namizədlər, ATƏT-in hazırladığı müvafiq hesabat sənədlərinin tələbləri ilə bağlı missiya üzvlərinin suallarını cavablandırıb.
Zahid Oruc, o cümlədən beynəlxalq təşkilatların ötən on illiklərdəki fəaliyyəti ilə bağlı əsas məqamları və onu narahat edən müddəaları, xüsusilə “WikiLeaks”in əsasını qoyan Culian Assanc məsələsində hər hansı mövqe nümayiş etdirməyən Qərb təsisatlarının insan hüquq və azadlıqlarını əsas gətirərək bir sıra hallarda Azərbaycana qarşı qərəzli yanaşma sərgilədiyini qonaqların diqqətinə çatdırıb.