Zahid Oruc: “Cəzaların alternativ vasitələrlə əvəzlənməsi praktikasından yararlanmalıyıq”

  • By admin
  • 16 Fevral 2017 10:52

zahid_oruc_esas

Ölkə başçısının son sərəncamı dövlətimiz tərəfindən on illər ərzində həyata keçirilən əvf və amnistiya siyasətinin davamı olmaqla hüquqi islahatların dərinləşdirilməsi yolunda çox mühüm addımdır.

Gununsesi.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamını şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, yüngül və orta-ağır xarakterli kriminal əməlləri törədənlərin həbsə atılması və cəmiyyətdən kənarlaşdırılması nəinki islah tədbirlərini effektsiz edir, eləcə də gələcəkdə məhbus damğası altında yaşayan insanların təkrar cinayətlərə yuvarlanmasına ictimai və psixoloji zəmin yaradır:

“Müasir dünyada insan hüquqlarının təminatı cəza sisteminin nə dərəcədə humanist tərtib olunmasından asılıdır. İstər cinayət törədən şəxslər, istərsə də onların qurbanları ədalət mühakiməsinin qərarını adekvat sayarkən ilk növbədə haqlarının tam müdafiəsinə əmin olmalıdır. Lakin reallıqda mənzərə xeyli başqadır. Ona görə də cəzaların alternativ vasitələrlə əvəzlənməsi praktikası Avropa hüququ məkanında geniş yayılıb”.

Zahid Oruc bildirib ki, bu sərəncamla cinayət qurbanlarına dəymiş zərərin ödənilməsi mexanizmi də təkmilləşəcək:

“Sənəddən göründüyü kimi, Azərbaycanda vətəndaşların məhkəmə sisteminə inamını gücləndirmək, eyni zamanda, həbslə deyil, digər vasitələrlə cəzalandırmaq mövqeyi qarşıdakı dövrdə mühakimə sistemimizin əsasına çevriləcək. Şübhə yoxdur ki, girov qoymaqla məsuliyyətin azadlıq şəraitində keçirilməsi, həmçinin ictimai təhlükəsi olmayan əməllərin dekriminallaşması həbsdə olanların sayını xeyli azaldacaq və yeni ictimai münasibətlərə səbəb olacaq. Nəticədə cinayət qurbanlarına dəymiş zərərin ödənilməsi mexanizmini təkmilləşdirmək, türmələrdə həyatını itirmək kimi tendensiyalar xeyli zəifləyəcək”.

Millət vəkili qeyd edib ki, 3 və ya 5 illik cəzaya məruz qalanlarla bağlı yeni yanaşmanın tətbiq olunması daha çox arzulanandır:

“Burada qətiyyən cəzadan imtinadan, yaxud cinayətkara humanist baxışdan yanaşaraq, cəmiyyəti böyük təhlükələr qarşısında qoymaqdan söhbət getmir. Cinayət cəzasız qala bilməz. Lakin Avropa məkanına çıxan şikayətlərin təhlili göstərir ki, məhkəmə institutunun güclü ictimai nüfuzu milli qanunvericilik sisteminin vəziyyətindən çox asılıdır. Ona görə də ölkə başçısının penitensiar sistemlə bağlı son qərarını müasir dünyanın qabaqcıl təcrübəsinə qoşulmaq və ədaləti təmin etmək baxımından tarixi addım hesab edirik. Ümidvarıq ki, hakimiyyətin bütün qolları üçün qarşıdakı dövrdə hüquqi islahatların yeni yol xəritəsini həyata keçirmək naminə birgə çalışmaq gərək olacaq”.

Qeyd edək ki, fevralın 10-da Prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb.

Gununsesi.info