Zahid Oruc mərhum Kastro haqda yazdı

  • By admin
  • 26 Noyabr 2016 21:30

fidel

2011-cu ildə Liviya Cümhuriyyətinin liderinə qarşı xarici basqıların müşaiyətilə müharibə başlayanda Müəmmər Qəzzafi ərəb səhrasında qurduğu hakimiyyəti əbədi inqilabla eyniləşdirib təəccüblənmişdi ki,axı o müasir prezidentlər,yaxud monarxlar kimi qurulmuş dövlətə başçılıq etmir.

42 illik iqtidarı seçki sistemləri,Qərb demokratiyaları ilə müqayisə etməyin səhv olduğunu düşünən Cəmahiriyyə başçısı onun missiyasının heç vaxt bitməyəcəyini elan edəndə daxili inamına və siyasi etiqadına görə özünü tam haqlı sayırdı.İndi 20-ci əsrdə dünyanı dəyişməyi bacaran başqa bir əfsanə-Kuba inqilabının simvolu Fidel Kastro həyatdan gedəndə nədənsə bitməyən mübarizə haqqında Afrika romantizmini xatırladım.Dünən gözlərini əbədi yuman sonuncu idealist kommunaçı mogikanın hərbi libasda olduğuna şübhə yeri yoxdur.

O,Amerikanın burnunun ucunda üsyan etmişdi və tərəfdarlarını Batista diktaturasına qarşı mübarizədə ölümdən qorxmamağa inandıra bilmişdi.Hər halda 3 dəfə atıldığı məhbəsdən çıxarılıb məhkəmə qarşısında duranda o nəinki irtica rejiminin hakimlərini,eləcə də imperilazmə nökərçilik edən rəhbərləri mühakimə etməyi bacararaq,”tarix mənə haqq qazandıracaq” deyə hayqırmağı bacarmış və milyonlarla kölə tərəfdarlarını müstəqillik üçün ayağa qaldıra bilmişdi.

O,Birləşmiş Ştatların bayrağında ulduz olmaq istəmirdi.Onsuz da 300 il müxtəlif irqlərin və millətlərin böyük köçü ilə yaranan dövlətdə 51-ci ştat kimi mövcudluq taleyinə azadlıq mücahidi yazılmış insanlar üçün deyildi.Kastro bütün həyatı boyu kapitalizmə nifrət edərkən onu ixrac edənlərin dəyərlərini küfr sayır,onu mənəviyyatdan və əxlaqdan kənar hesab edirdi.Axı bazar iqtisadiyyatında hər şeyin qiyməti var:mənəviyyat da əmtəədir,o da alınıb-satılır.

“Harada narkotika,açıq toplum quruculuğu varsa,orada mədəni prinsiplər işləməyəcək”, deyərkən Kuba lideri hər il demokratiyanı yaymaq adı altında Ağ Evdən ayrılan milyardlarla dollar vəsaiti “xaosun maliyyələşdirilməsi” adlandırırdı. Buşun hakimiyyəti dövründə o yazırdı:”ABŞ-ın İrakda itirdiyi əskərlər nəyin uğrunda ölür?Məgər hər il Meksikadan yaxşı həyat dalınca köç edənləri sərhəddində qətl edənlər,Yaxın Şərqə sülh gətirə bilərmi?

Görün nə qədər insanın qanı tökülür, əvəzində mütləqiyyətin-qlobal hökmranlığın mənafeyi üçün onun malik olduğu üsul idarələrin başqa xalqlara sırınması ümumdünya qanununa çevrilir,azad bazarlar və sərhədsiz ticarət ideyası ilə milli dövlətlər məhv edilir.Milyonlarla işçinin çalışdığı zavod-fabrik belə şəraitdə necə çalışa bilər?Kim dayana bilər belə işğalın qarşısında”?

Kastro ötən əsrin qorxusu olan Karib böhranına gedəndə dünyanı nüvə təhlükəsi ilə üz-üzə qoyduğundan qətiyyən peşman deyildi.Fidel Sovetlərin orta mənzilli raketlərinin atılacağı məkanın dünyada “şərin mücəssiməsi” olduğuna tam əmin idi.

Onu “rusun uşağı” adlandıranlar soyadında “Ruz” kəlməsindən imtinasına normal izah tapa bilməmişdilər.

Hər halda Komandante ilk dəfə Sovetlər Birliyinə gələndə Lenin ideyalarını öyrənməyə və Brejnyevdən hərbi yardım,yaxud neft diləməyə deyil, kommunizmə can atan xalqlara əsil Ustad dərsi verməyə çalışmışdı.Həmin tarixçə Leninradda baş vermişdi.Yox,onun bestseller uyduranlarının təxəyyül məhsulu həmin hadisəyə qarışmamışdı.Gerçəkdən də Fidel Kastro nəhəng imperiyanın ikinci baş şəhərində hava limanında qarşılanarkən əlində çiçək dəstələri tutmuş 6 yaşlı qızcığazdan hansı baxçada qaldığını soruşur.

Uyğun cavab aldıqdan sonra növbəti gün həmin yerə baş çəkmək istədiyini bildirir.Sovet partiya xadimləri və proqram tərtibatçıları dərhal müvafiq çıxış yolu tapıb maşın kortejini şəhərin görkəmli yerlərindən birinə doğru irəlilədirlər.Burada Ali Qonağı gözləyən oktyabryat dünənki saxta səhnənin növbəti pərdəsini oynamalıdır.”Sənin çarpayın harada yerləşir” sualına cavab isə hər şeyi faş edir.Uşaq onu təzəcə buraya gətirdiklərini bildirincə,Kastro sovet rəhbərləri üçün inqilabi romantizmlə zəngin olun məşhur çıxışlarından birini etməyə məcbur olur.

O vida mərasimində süfrə qarşısında bunları söyləyir:”Leninqrad faşizmin bütün məhrumiyyətlərini görmüş şəhər olduğu üçün hamımıza doğmadır,lakin siz mənə balaca övladımızın qaldığı uşaq evini deyil,muzey nümayiş etdirdiniz.Keçib gəldiyim yolun kənarında taxta divarlarla qapadığınız yerin arxasında metro tikintisi mənim səfərimə görə yarımçıq saxlanılıb. Idman salonlarında məşqləri belə adamlara qadağan etmisiz.Axı mən hər hansı ərəb şeyxi deyiləm.İnqilab liderini belə qarşılamazlar.Əgər biz işləməsək, imperializmə qalib gələ bilmərik”!

Doğrudan da adi siyasət adamlarının çərçivəsində deyilməyən söylərdir.O apardğı mübarizənin Amerika qitəsində yayılması zamanı itirdiyi silahdaşları qarşısında da eyni üzüntünü keçirirdi.Boliviya milli azadlığı Çe Geveranı udanda Kastro göz yaşları tökmüşdü. Diktatorların ağlamadığını deyənlər, düşmənlərdir.

Bəs bütün ölkə boyu əyalətlərdə məktəb layihəsi ilə savadsızlığa və pis vərdişlərə son qoyulacağına inanması iflasa uğrayanda necə? Yaxud ölkədə işsizliyi ləğv etmək və kapitalizmə göz dağı vermək üçün 10 milyon ton şəkər istehsalı planına qarşı Qorbaçovun Baş Katibliyə gəlməsi ilə dayanan yardımdan sonra o xalqının qarşısında hansı vədlə çıxmalıydı?

Hə,sona qədər çəkilməsi çətin olan yüklər var həyatda.Lakin ambisiyalı lider ona görə Kubanın inkişafını illərlə öz ianmından və etiqadından asılı vəziyyətdə saxlayanda,iqtisadiyyatı hər an çəkdürməyə hazır olan düşmənlər mövzusun işə salırdı.Axı gerçəkdən də Allahın ona verdiyi ömrü durdurmaq üçün 638 dəfə sui-qəsdə əl atıldığı uydurma olsa da,onun Mərkəzi Kəşfiyyat İdarəsinin əbədi hədəfi olduğunu heç kəs dana bilməzdi. Xəfiyyə orqanları hansı yaradıcı üsula ət atmamışdılar ki,Kastronu aradan götürsünlər.Lakin o həmişə qalib gəlmişdi..

Kim bilir,Trampın sayəsində ağların inqilabı Kastroya necə təsir etmişdi,lakin uzun illər liberalizmin süqutunu və qloballaşmanın çöküşünü arzulayan Kuba liderinin bundan məmnunluq duyduğuna şübhə yoxdur. Axı hakim siniflərə qarşı əməkçi xalqı qaldırmaq ideyası həm də ona məxsusdur.

Yox, Amerikada kommunistlər qalib gələ bilməzdilər.Çünki Kastronun nəzəriyyəsinə və “DÜŞÜNCƏLƏR” adlı döyüş ruhlu və hətta öz ölkəsində müqəddəsləşdirilmiş məcmuələrinə görə üsyana qadir xalqların hamısını istehlakçı cəmiyyətlərə çevirib robotlaşdırıblar. Onlar milyardların əsirinə çevriliblər..

İndi Azadlıq Adasının bir tərəfində 90 yaşlı patriarxla son vida mərasiminə hazırlığın getdiyi anlarda Mayamidə yüzlərlə mühacir toy-büsatla bayram paradı şəklində küçələrə çıxıblar.Onlar nəhayət,Komandantenin “ya Vətən,ya ölüm” şüarından yaxşısını təklif edən yeni rəhbər axtarışındadılar.Amerika televiziyalarında nümayiş olunan ruh bundan ibarətdir.

Tarixdən bəllidir:Stalinin ölümü də ölüm gətirmişdi. Ayaq altına yüzlərlə insan can vermişdi,indi Kastroya belə təbii əcəli də bağışlamaq istəmirlər.

O, hərbi libasda o dünyaya yola düşür. Haqqında bəsətlənmiş rəvayətlərdəki kimi,hara düşsə,orada inqilab etmək üçün. Hər halda katolik kilsəsi Kastronu dindən kənar elan etdiyini 50 il sonra danmalı olmuşdu.Papa Fransisk müqəddəs Romadan kitab gətirərək ona bağışlamış və dularını əsirgəməmişdi.Kim bilir nə üçün-bəlkə kilsə kardinalları Allahın qoruduğu şəxsə son ölüm ayağında vəfa borclarını qaytarmaq istəmişdilər.Hər halda Kastro öz dinini yaratdığı üçün tam əmin idi ki,onun ayələrini və surələrini oxuyanlar da az olmayacaq!

Komandante Leninlə,Stalinlə,Mussolini ilə,marksizmin banilərilə,trotskçilərlə və inqilab qatarının heç vaxt dayanmayacağı inamı ilə həyatdan gedən milyonlarla kommunistlərin uyuduğu dünyaya gedir.O saqqalını belə təraş etməyi vaxt itkisi sayırdı!

Axı, hər gün gözəllik üçün itirlən dəqiqələr inqilabdan gedir!

Kastro öldü…Kastro əbədi yaşayır!

Zahid Oruj

Zahid ORUC,

Millət vəkili