Zahid Oruc: ”Milli istehsal olmasa, xaricdən təkcə mal və xidmətlər yox, həm də inflyasiya, siyasi hökmlər və iqtisadi müdaxilə cəhdləri də idxal edəcəyik”

  • By admin
  • 17 İyun 2022 13:22

Gununsesi.info İnsan Hüquqları Komitəsinin sədri Zahid Orucun Milli Məclisin plenar iclasındakı çıxışını təqdim edir:

Çıxışıma ölkə prezidentinin 13 yanvar tarixində ilin yekunları ilə bağlı müsahibəsində hesabatlığın təmin edilməsi üçün yalnız parlamentdə deyil, bütün əhali qrupları ilə görüşlərin keçirilməsi, müstəqil media, tədqiqat mərkəzlərinin rəy və təhlillərinə geniş meydan verilməsi, nəticəli və proqram əsaslı büdcə sistemi tələbini xüsusi vurğulamaqla başlamaq istərdik. Son dərəcə mürəkkəb beynəlxalq şəraitdə respublikamızın siyasi müstəqilliyi ilk növbədə, iqtisadi və hərbi gücündən asılıdır. Əsrlərlə çözülməyən Qarabağ probleminin uğurla həlli indi öz yerini sosial qütbləşmənin azaldılması, iqtisadiyyatın şaxələnməsi və texnoloji geriliyin ləğvi, regionların inkişafındakı qeyri-mütənasibliyin aradan qaldırılması, təhsil, səhiyyə, məhkəmə-hüquq sistemində təkmilləşmə olmalıdır. Hərbi qələbəmiz xalqımıza təkcə regionda deyil, dünyada daha yaxşı yaşamaq və uzun on illərdən qalan problemləri həll etməyə imkan verir.
Biz ilk növbədə, diqqəti dünya bazarında yenidən neftin qiymətinin artması fonunda əhalinin məşğulluğu və işsizliyin azaldılması tədbirlərinə yönəltməliyik. Təmsil etdiyim Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son rəy soğrusuna görə, pandemiyadan sonra məşğul respondentlərin üçdə biri-33 faizdən çoxu daimi iş yerlərini itirmək təhülkəsi qarşısında və ya iş axtaran statusunda olduqlarını bildirmişlər. İqtisadçı ekspertlərin araşdırması məsələyə daha geniş yanaşmağı tələb edir. Ölkəmizdə məşğulluğun strukturu və əhalinin böyük hissəsinin qazanc mənbəyi kimi aqrar sektordan asılılığı bir faktdır. Rəsmi statistikaya görə, məşğul əhalinin 36%-dən çoxu, yəni 1,8 mln. nəfərə yaxını aqrar sektorda çalışır. Bölgələr üzrə məşğulluğun strukturunda aqrar sektorun payına görə ilk 5-likdəki rayonlar bunlardır-Cəlilabad – 61%, Masallı – 61%, Zaqatala – 59%, Xaçmaz – 58% və sair təşkil edir.Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının, xüsusən bölgələrdə sənayeləşmənin zəifliyi, emal müəssisələrinin azlığı, bir sözlə kənd təsərrüfatındakı geriliyi əks etdirir.Belə şəraitdə, yüksək ixtisaslı işçi qüvvəsini yerlərdə qoruyub saxlamaq, onları rayonların iqtisadi inkişafına yönəltmək, peşəkar , ixtisaslı əmək bazarı formalaşdırmaq və xaricdən asılılığa son qoymaq çətindir. Biz ölkəmizdə adicə aqronomu, baytarı Türkiyə və İrandan, Bayıl sürüşməsində oilduğu kimi, geologiya mütəxəssislərini Yaponiyadan gətiririksə, onda sayı 51-ə çatan universitetlərimiz hazırladııqları kadrlar öz gələcəkləri yalnız xarici ölkələrə getməkdə görəcəklər.
İkinci məsələ, dövlət sərmayesi hesabına açılan iri zavod və fabriklərin, milli istehsalın vəziyyətinin obyektiv qiymətləndirilməsidir.Söhbət təkcə xərclənən milyardlarla manat büdcə vəsaitindən getmir, eləcə də açılmış on minlərlə iş yerinin sabit və davamlı olması, xaricdən mal və xidmətlərdən asılılığın aradan qalxması, neft sindromundan azad olmağımızdan gedir.Məsələn, Şamaxıda STAR Ltd, Mingəçevirdə Kür kompüter və Elektron Avadanlıqları zavodu, Gəncədə Avtomobil zavodu, 146 milyon manat investiyaya başa gələn Gəncə Alluminium Kompleksi və onlarla belə müəssisənin taleyi hökuməti narahat etməlidir.Mövzunun davamı olaraq, bu ilin yanvarında təməli qoyulan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ildə, təxminən 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal etməyi nəzərdə tutur, nəticədə 220 million kubmetr təbii qaza qənaət edilməsi və 300 min evin enerji təminatının ödənilməsi planlaşdırılır.Xatırladaq ki, 2021-ci ildə elektrik enerjisinin ixracından 69 milyon dollar əldə etmişik.Beləliklə, 2030-cu ilə qədər bizim generasiya güclərinin 30 %-i alternativ, yəni bərpa olunan enerji mənbələri hesabına ödənəcədkir.Lakin 2012-ci ildə fəaliyyətə başlayan “Azgüntex” zavodu günəş panelləri istehsal etməklə ölkədə alternativ enerjiyə keçidə dəstək vermək, hətta xarici ölkələrə penel ixrac etmək məqsədi ilə yaradılmış və tikintisinə 15 milyon dollar xərclənmişdi, indi zavodun istehsal durumu nə vəziyyətdədir? Elə təəssürat yaranır ki, nazirliklər bağlanan müəssisələri və xərclənən milyonları saymır. Digər tərəfdən, düzgün tarif siyasəti olsaydı-alternativ enerji sektoruna investorların cəlbi üçün hökumət ayrı-seçkiliyi aradan qaldırıb özəl kiçik su elektrik və külək stansiyaları üzrə hər kvt-saat enerji üçün alış qiyməti 5 və 5.5 qəpik əvəzinə, dövlətin inhisarında olan müəssisələrdən alış qiymətini 20% artırdığı kimi yanaşsaydı, onda özəl sektor da inkişaf edərdi.Axı milli istehal olmasa, biz xaricdən təkcə mal və xidmətlər yox, daha çox inflyasiya, siyasi hökmlər və iqtisadi müdaxilə cəhdləri də idxal edəcəyik. Halbuki biz torpaqlarımızıın azad olunmasına milli istehsalın sahə və struktur quruluşunu genişləndirmək perspektivi kimi baxsaq, yaxın gələcəkdə Qarabağda çalışmaq istəyən xarici şirkətlərin qapımızda növbəsini görəcəyik.

HTML tutorial