Zahid Oruc: - “Prezidentə qarşı informasiya ajiotajı sifarişli idi”

  • Müəllif: Orxan
  • 20 Fevral 2026 11:49

“Münhen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi”.

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Zahid Oruc bildirib.

“Ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır. Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münhen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər”, – deyə o, həmçinin qeyd edib.

Zahid Oruc o cümlədən deyib:

“Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü  iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir. Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan  böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu”.

Elmar

Gununsesi.info