Zahid Oruc Türkiyə ilə imzalanan Memorandumun əhəmiyyətindən  DANIŞDI

  • By admin
  • 26 Yanvar 2021 20:54

Parlamentin yaz sessiyasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək, “Diaspora haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin iclasında bildirib.

Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və “nifrət dili” haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.

İclasda  ”Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə  qanun layihəsinə də baxılıb.

Komitə sədri Zahid Oruc bildirib ki, Türkiyə mediasının tərkib hissəsini böyük media quruluşları təşkil edir və Türkiyə mediası qlobal medianın tərkib hissəsidir.

“Biz bunu praktiki olaraq 44 günlük müharibə dövründə bir daha gördük. Türkiyə mediası bizim haqq səsimizin dünyaya çatdırılmasında böyük rol oynadı. Cənab Prezident İlham Əliyevin müsahibələrinin də dünyaya yayılması Türkiyə mediası üzərindən oldu. Ona görə də bu Memorandum bizim üçün mühüm əhəmiyyət kəsb edir”,-deyə Z.Oruc əlavə edib.

Gununsesi.info