Zakir Həsənov Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb -Fotolar

Mayın 21-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, müdafiə naziri general-polkovnik Z.Həsənov Türkiyə nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib. Azərbaycan və Türkiyə arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrindən danışıb.

 

Ordu generalı S.Bayraktaroğlu isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Hər iki qardaş ölkənin hərbi əməkdaşlığının inkişafı istiqamətində belə görüşlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

 

Görüşdə, həmçinin hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.