Zamanından asılı olmayaraq yaşayan cahillik -QƏNİRƏ ATAŞOVA YAZIR

  • By admin
  • 26 Oktyabr 2016 11:04

qenire

Bakı küçələrində gəzirəm. Yoluma çıxanın verdiyi sual budur: ANS nə vaxt açılacaq? Cavab məndə deyil. Amma sual uşaqlıqdan eşitdiyim başqa bir sualı xatırladır: Abazalıdan nə xəbər var? Abazalı mənim Ataş babamın digər oğlu olub. Alışan mənim babam, Abazalı isə onun qardaşı. Hər ikisi 1941-ci ildə müharibəyə getmək üçün əvvəlcə Tiflisə gediblər, ordan da döyüş bölgəsinə göndəriliblər. Babam Alışanın qara kağızı 1944-cu ildə (36 yaş ) Lelinqrad ətrafında gedən döyüşlərdən gəlib. Abazalı isə Lelinqrad və Ukrayna uğrunda edən döyüşlərdə iştirak edib. Müharibədən sonra Abazalı ailəsinin yanına, İrandan sonra məskunlaşdıqları Yardımlı rayonunun Limar kəndinə dönür. Gələndə də özü ilə Anya adında bir rus qızı gətirir. Onun rəvayətinə görə, Anya ilə elə döyüşdə tanış olub. Bir-birinə dayaq olub, sonrada sevib evləniblər. Abazalının danışdıqlarına görə, bir səhər yuxudan oyananda özlərini mühasirədə görüblər. Abazalı da çoxları kimi çıxış üçün yol axtarıb. Anyanın anasının 1941-ciildə dediyi söz, 2017-ci ildə də qüvvəsindədir. Torpağı düşməndən qanımızla azad edə bilərik! Abazalı partizan dəstəsinə qoşulur və dəstələrdən birinə başçılıq edir. Sonradan Ukrayna cəbhəsindən də sorağı gəlir. Müharibə bitir. Abazalı Yardımlının Limar kəndinə (İndi o kənddə Azərbaycan İran sərhəd xətti yerləşir. Kənd yaşayış məskəni kimi silinib.) şəxsən Stalinin ona yazdığı 6 təşəkkür məktubu və bir beş ulduzlu ordenlə dönür. Və dəhşət də elə burda başlayır. Abazalının rus qızını Azərbaycana gətirməsi bütün rayonun faciəsinə çevirilir. Əvvəlcə kənd qadınları Anyaya «urus sən murdarsan» deyib təhqir edirlər. Sonra onun bulağa yaxınlaşmasına mane olmaq üçün daşa basırlar. Anyanın evinə 5 ilanı birdən qoyurlar. Kənd kişiləri isə əllərində torba və bel ilə gəzərək onun ayaq basdığı torpağı toplayır, bir rus qızının müsəlman torpağı üzərində gəzməsini günah elan edirlər. Abazalı da təhqirlərə dözməli olur. Çünki evindən və elindən çıxıb getmək istəmir. Bütün müharibədən dönənlər kimi o, da başına gələnləri rəvayət edirmiş.Nə bilərmişki danışdıqlarını bəzəyib yuxarılara çatdıranlar var.

kishi

Bir gün “NKVD” deyilən təşkilatın nümayəndələri  gəlib Abazalını aparırlar. Sən demə kimlərsə onun barəsində gizli danos yazaraq, guya vətən xani olduğunu, əsir olduğunu yazırmış. O dönəmlərdə hər el-obada savadı olan insan fərqlənirmiş. 18 yaşı olan Msayırza adlı bir gənc Yardımlının mirzəliyini edirmiş. Msayırza kişinin indi 90 yaşı var və Neftçalanın Aşağı Surra kəndində yaşayır. Anya bu gənc oğlandan xahiş edir ki, onunla bərabər Bakıya getsin. At arabasında min əziyyətlə gəlib indiki Daxili İşlər Nazirliyinin binasına çıxırlar. İkinci mərtəbədə onları qəbul edən rəsmi insana Anyanın gətirdiyi bağlama kifayət edir. Rus qızı Anya Stalinin ərinə yazdığı 6 təşəkkür məktubunu və medalını göstərməklə azərbaycanlı Abazalını azərbaycanlıların iftirasından xilas edir. Və bu dəfə onlar atla yox, “NKVD”-nin onlara verdiyi maşınla Yardımlıya dönürlər. Yardımlıda isə onları daha dəşhətli durum gözləyirmiş. Bu dəfə Anyanın evinə çəkilən hücumlar, bulaq başında başına çırpılan daşlar və nəhayət, kənd adamlarına görə, nisbətən müasir geyimi üçün onun adına atılan ləkələr. Anya bir gün bulaqdan dönəndə balaca daxmasının həyətində qalanan tonqalda bütün paltarlarının yanmasının şahidi olur. Əsəbi olan Anya hıçqıra- hıçqıra bulagın başına dönür öz dilində üsyan edir. Bütün bunlardan bezən Abazalı Anyanın elə bulaq başında döyür. Anyanın yarı rus, yarı azərbaycan dilində anasın köməyə çağırmasi indi də dillərə dastandır. Abazalının Anyanı boşamadığını görən kənd çamaatı təklif edir ki, onun üçün kənddə xüsusi çığır yaratsınlar. Oralara çör- çöp düzürlər ki, rus qızı kəndin torpağını “murdarlamasın”.Abazalı və Anya cütlüyü olanlara bir müddət dözür. Nəhayət, bir gün çıxıb getməyə qərar verirlər. Əvvəlcə Ukraynanın Jitomir şəhərinə gedirlər. Hər ikisi burdakı hərbi zavodda işə başlayır. Burda evləri də olur, bir oğlanları da. Lakin, Azərbaycandan onları təqib edən böhtan dolu məktublar əl çəkmir. Abazalının əlaqə saxladığı isə qardaşının yetim qalan iki oğulu və savadı ilə fərqlənən Msayırza müəllim olur. Msayırza müəllim də onunla sonuncu dəfə 1966-cı ildə Lelinqradda görüşür. Artıq Abazalı xidmətlərinə görə, daha irəli çəkilmiş kadr idi. O, Lelinqraddakı zavodlardan birinə rəhbərlik edirmiş. Son gileyi bu olub. “ Təhqir və təqib dolu məktublar üçün hər dəfə mənasız araşdırmalara cəlb olunuram”. Bütün bunlardan bezən Abazalı adını dəyişib Nadirov Nikolay Aslanoviç olur. Daha sonra ondan xəbər olmur. Abazalıdan xəbər olmasa da böyüklərimizi tanıyan hər kəs onlardan Abazalını soruşur, onun necə yaxşı oğul olduğundan ağızdolusu danışırdılar.

ANS-i didib- parçalayıb məhv edən cəmiyyət, indi məndən onun nə zaman açılacağını soruşanda, ANS-dən sonra xəbərsiz qaldıqlarını deyəndə və bu barədə mənasız yazılar yazanları görəndə yadıma atamın Abazalı əmisi düşür. Lap onun kimi itməyim gəlir.

 

Qənirə Ataşova