Zaqatalada Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb olunub  

  • By admin
  • 27 Aprel 2022 13:19

Zaqatala rayon Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Bu barədə Gununsesi.info-ya Zaqatala Prokurorluğundan bildirilib.

Məlumatda deyilir:
İstintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini təmin edərək, imzalayıb təsdiqləməklə ayrı-ayrı şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satmasına və ya icarəyə verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edərək imza etməklə sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Toplanmış sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.

Günay
Gununsesi.info