Zaqatalada dünyəvi dövlətçilik və dini radikalizmlə bağlı debat keçirilib 

  • By admin
  • 08 Sentyabr 2016 17:58

qadin

Zaqatalada “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli” mövzusunda debat keçirilib.

HTML tutorial

Bu haqda Gununsesi.info-ya “Qadın Liderliyi Uğrunda” İB-dən verilib. Belə ki, Debat “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşəbbüsü və AR prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində baş tutub.

Birliyin sədri Ülkər Abdullayeva bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd Azərbaycanın dünyəvi dövlətçilik modelinin qorunmasına, möhkəmlənməsinə çalışmaq, insanları ölkəmizin konstitusion quruluşunu dəyişməyə, dini-ayrıseçkilik zəminində münaqişələr törətməyə cəhd edən radikal dini cərəyanlardan uzaq durmağa çağırmaq, inanclı şəxsləri insanlığa qarşı çevrilməyən din modellərinə üstünlük verməyə dəvət etməkdir.

Ekspertlər Məcid Mehrani və Aynur Zamanova mövzu ilə bağlı iştirakçılara ətraflı məlumatlar veriblər və onları maraqlandıran sualları cavablandırıblar.

Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Vəliyev bildirib ki, görülən tədbirlər nəticəsində rayonda dini radikal cərəyanlara qoşulanların sayı azalıb: “İnsanlar dünyada baş verən prosesləri, dini radikalizmin, ekstremizmin bəşəriyyət üçün necə acınacaqlı nəticələrə gətirdiyini görürlər. Odur ki, rayonda inanclı insanların, dindarların sayı kifayət qədər olsa da, radikal cərəyanlara qoşulma halları çox azdır. Ölkənin dünyəvi quruluşunu dəyişməyə çağırışlar isə rayon ictimaiyyəti tərəfindən qətiyyən yolverilməz hal kimi qiymətləndirilir. Rayonda dini etiqad və vicdan azadlıqları yüksək səviyyədə qorunur. Bununla yanaşı, Azərbaycanın dünyəvi dövlət quruluşuna hər hansı təhdidlər mövcud deyil. Buna baxmayaraq, rayon rəhbərliyi ayıq-sayıqdır və bu cür neqativ çağırışlara anında reaksiya vermək iqtidarındadır.”

Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqının rayon komitəsinin sədri Sona Qazıyeva radikal dindarları, İslamla terrorun eyniləşdirilməsinə rəvac verən hərəkətləri qətiyyətlə pisləyib: “Allahu-əkbər deyərək insanları öldürən dini cərəyanların nümayəndələri Allaha və İslama deyil, şərə xidmət edirlər. 21-ci əsr elm, texnika, maarifçilik, mədəni inkişaf əsridir. Bu əsrdə orta çağa məxsus cəhalət və xurafat yolverilməzdir. Mənim bacım Sevil Qazıyeva Azərbaycanın ilk qadın mexanizatoru olub. Bizim haqqımız yoxdur ki, özünü elmə, müasir texnologiyalara, dünyanın inkişafına həsr edən, 20-ci əsrin əvvəllərində cəhalətə yox deyən, çadranı ataraq azadlığı seçən analarımızın, nənələrimizin ruhunu incidək.”

Gülnaz Qənbərli

Gununsesi.info