Zaxarova: “Rusiya Ermənistandan açıqlama tələb edir”

  • By admin
  • 12 Aprel 2023 19:15

Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib.

Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz erməni tərəfdaşlardan onların NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamızı müəyyən edəcəyik”, – o bildirib.

“Əlbəttə, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”, – diplomat əlavə edib.

Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansı Rusiya ilə tərəfdaş ölkələri öz manevrlərinə fəal şəkildə cəlb etmək praktikasını davam etdirir və bu dövlətlərin müdafiə komplekslərini yenidən formatlamağa, onların daxili və xarici siyasət proseslərində təsir rıçaqları əldə etməyə çalışır.

“NATO-nun bu cür hərəkətləri müxtəlif regionlarda sabitliyin pozulmasına, münaqişə potensialının artmasına gətirib çıxarır”, – Zaxarova yekunlaşdırıb.

Gununsesi.info