Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada yaşayan müsəlman icma nümayəndələrinin, hərbçilərinin və diplomatik korpus işçilərinin də iştirak etdiyi məclisdə iftar süfrəsi verib.
Tədbirin əvvəlində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş komandanı Volodimir Zelenski döyüşdə fərqlənən hərbçilərı təltif edib.
Bu barədə jurnalist İdrak Camalbəyli məlumat verib. Onun sözlərinə görə, Krım tatarlarının lideri Mustafa Cəmilyovun iştirak etdiyi iftara Ukraynanın siyasi və hərbi elita nümayəndələri də qatılıb.
Həmçinin, Ukraynanın azadlığı və suverenliyi uğrunda döyüşən azərbaycanlılar – Seymur Əliyev, Təyyar Bəşirzadə, Aslan Velayev və s. hərbçilər Prezident Volodimir Zelenskinin təşkil etdiyi iftara dəvət olunanlar sırasında olub.
Azərbaycanlı hərbçilərin məclisdə iştirak etməsində Azərbaycan diasporunun fəal üzvü Yalçın Qəhrəmanoğlu və Krım tatarlarının liderinin köməkçisi, azərbaycanlı Elşən Cəfərli və jurnalist Idrak Camalbəyli yaxından iştirak edib.
Ukrayna prezidenti Volodimir Zelenski artıq ikinci ildir iftar məclisində iştirak edir.