Zelenski beynəlxalq ictimaiyyəti Rusiyanın əməllərinə müqavimət göstərməyə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü dünyanı Kyivə “Rus şərini” məğlub etməkdə kömək etməyə çağırıb.

Bu arada Rusiyanın pilotsuz təyyarəsinin Odesaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla? 10 nəfərə çatıb. Şənbə günü səhər tezdən Rusiyaya məxsus pilotsuz aparat Odesada yaşayış binasını vurub, bir neçə mərtəbəni qismən dağıdıb və 10-dan çox insanı dağıntılar altında qoyub.

“Hazırda 3 uşaq da daxil olmaqla, 10 nəfər ölüb: üç yaşı belə olmayan Mark, səkkiz aylıq Elizabet və dörd aylıq Timofey. Ukraynalı uşaqlar Rusiyanın hərbi hədəfləridir”, Zelenski Telegram-a yazıb.

Yerli hakimiyyət orqanları daha çox insan itkin düşdüyündən ölənlərin sayının artacağını gözlədiklərini bildiriblər.

Ukrayna Daxili İşlər Nazirliyi Xerson vilayətində bir nəfərin öldüyü və üç nəfərin yaralandığı barədə məlumat yayıb.

“Biz bu müharibədə qalib gəlməliyik” – deyə, Zelenski bazar günü bildirib.

“Rusiyanın cəbhədəki hər bir itkisi ölkəmizin Rusiya terroruna cavabıdır. Dünya Rusiya şərinin hər bir təzahürünə cavab verməli və Rusiyanın hərəkətlərinə qarşı mübarizə aparmalıdır”- deyə, Ukrayna prezidenti əlavə edib.

Zelenski şənbə günü gecə videomüraciətində Qərb müttəfiqlərini Ukraynaya silah verməyə çağırıb və raketdən müdafiə sistemlərinin tədarükündə gecikmələrin ukraynalıların həyatı bahasına başa gələcəyini vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi rus qoşunlarını döyüş meydanına tərkibində naməlum kimyəvi maddə olan partlayıcı maddə atmaqda ittiham edib.

 

 

 

Gununsesi.info