Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun Brüsseldəki mənzil-qərargahına elan olunmamış səfərə gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna dövlət mediası məlumat yayıb.
Zelenskinin bu gün NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşü planlaşdırılır.
Ukrayna dövlət başçısı ilə Belçikanın baş naziri Aleksandr De Kroo arasında danışıqlar da açıqlanıb.
Bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü planlaşdırılır. Bu görüş çərçivəsində Ukrayna-NATO Şurasının iclası keçiriləcək.
Həmçinin Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramşteyn-16”) iclası keçiriləcək.
Telegram-da səfəri şərh edən Zelenski deyib ki, bu, “qarşıdan gələn qışda Ukraynanın sabitliyi” üçün vacib olacaq.
“Alyansın baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə görüşlər keçirəcəyəm. İlk dəfə oflayn olaraq Ramstein formatında görüşdə iştirak edəcəyəm. Bu qüdrətli koalisiyada iştirak edən ölkələrin bütün hazırkı müdafiə nazirlərinə mühüm müraciət var”, – deyə Ukrayna lideri bildirib.
Səid Əhmədli
Gununsesi.info