Ukrayna prezidenti Vladimir Zelenski bu gün təhlükəsiz videokonfrans vasitəsilə ABŞ senatorlarına qapalı brifinqdə müraciət edəcək.
Gununsesi.info bildirir ki, bu barədə ABŞ Senatındakı çoxluğun lideri Çak Şumer məlumat verib.
Dövlət başçısı Ukraynaya 61 milyard dollardan çox vəsaitin daxil olduğu əlavə 106 milyard dollarlıq yardım paketinə dair Senatın ilk prosedur səsverməsinə bir gün qalmış Ukraynadakı müharibə vəziyyəti və Kiyevin dəstəyinə ehtiyac barədə senatorlara məlumat verəcək.
Demokratları təmsil edən Şumer bütün senatorları brifinqdə iştirak etməyə dəvət etdiyini bildirib.
Bir gün əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan Konqresi Ağ Evin Ukraynaya əlavə maliyyə vəsaitinin ayrılması tələbini dəstəkləməyə çağıraraq, ona səs verməkdən imtinanın Rusiyaya kömək edəcəyi barədə xəbərdarlıq etmişdi.
Sentyabr ayında Ağ Ev Konqresdən Ukrayna üçün 61 milyard dollardan çox maliyyə, həmçinin İsrail, Tayvana və sərhəd təhlükəsizliyinə yardım üçün xərclərdən ibarət 106 milyard dollarlıq əlavə maliyyə paketini təsdiq etməyi xahiş edib.
Lakin bu təşəbbüs Nümayəndələr Palatasındakı ifrat sağçı respublikaçıların müxalifəti ilə dayandırılıb, onun yeni spikeri Mayk Conson Ukrayna və İsrailə yardımın bölünməsini təklif edib.
Keçən həftə o, ABŞ Konqresinin Milad bayramları öncəsi İsrail və Ukraynaya əlavə yardım fondları ötürə biləcəyinə “inamlı və nikbin” olduğunu bildirib. Bu arada Ağ Ev xəbərdarlıq edib ki, Ukraynaya yardım üçün mövcud vəsait ilin sonuna qədər tükənəcək.
Gununsesi.info