“Mədəniyyəti, sənəti, incəsənəti sovet və ya qeyri-sovetə bölmək olmaz. Bu, sinifli quruluş deyil. Zeynəb Xanlarova Azərbaycan xalqı, mədəniyyəti üçün canlı əfsanədir. Biz adətən insanları itirdikdən sonra qədrini bilirik. Zeynəb xanım Azərbaycan xalqının milli dəyəri, sərvətidir. Sovet vaxtında Zeynəb Xanlarova Azərbaycan incəsənətini nəinki SSRİ-də, dünyanın 40-dan çox ölkəsində tanıdırdı. O, ölkəmizi səhnə mədəniyyəti, səsi və Azərbaycan haqqında mahnılar oxumağı ilə dünyaya tanıdırdı”.
Bu sözləri əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov Bizimyol.info xəbər portalına verdiyi açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Zəynəb Xanlarovaya edilən hücumların arxasında, kökündə ya qısqanclıq, ya tarixdən xəbərsizlik, ya da bu millətin milli dəyərinə sayğısızlıq durur.
“Milli dəyərinə hörmət etməyən millətin gələcəyi yoxdur. Yazıçının, şairin, əsl sənətkarın nə dövrü olur, nə də sinfi. Zeynəb Xanlarova ilə 5 il parlamentdə birgə çalışmışıq. Onun sənətkarlığından əlavə, o, parlamentdə böyük bir ictimai xadim kimi fəaliyyət göstərib. Məsələn, mən qaçqın və məcburi köçkünlərin problemlərini qaldırdıqda və həll etməyə çalışdıqda, Zəynəb Xanlarova qaçqın və məcburi köçkün olan digər rayonların deputatlarından daha çox dəstək verirdi”, – deyə əməkdar jurnalist bildirib.
Əlövsət Ağalarov portalımıza xüsusi açıqlamasında daha bir neçə faktdan bəhs edib:
“4 qaçqın tələbəni təhsil haqqını ödəmədiyi üçün universitetdən çıxarırdılar. Onlar da mənə müraciət etmişdilər. Zeynəb Xanlarovaya məsələdən bəhs etdim. Məbləği soruşdu, qəbzləri götürüb cibinə qoydu və dedi ki, narahat olmayın. Bir neçə gün sonra gəldi və dedi ki, artıq tələbələrin təhsil haqları ödənilib. Bunu yalnız millətinə, xalqına canı yanan biri edə bilər. Şəxsi vəsaiti hesabına 4 Azərbaycan gəncinin universitetdən qovulmasının qarşısını aldı.
Bundan əlavə, 20 Yanvar hadisələri zamanı televiziya yandırılmışdı. Ortada bir kamera yox idi ki, hadisələri çəksin. Zeynəb xanım həmin an dedi ki, mənim evdə kameram var. Evdən özünün şəxsi kamerasını gətirtdi, çəkdirdi və bütün dünyaya bu dəhşəti göstərdi. Rəşid Behbudov və Zeynəb Xanlarova Azərbaycan musiqisini sərhədlərdən kənara aparıblar. Onlar sübut ediblər ki, bu xalqın musiqisi və incəsənəti var. Belə insanlara qarşı qarayaxma kampaniyası aparmaq düzgün deyil. Hansı xalq, hansı millət öz sənətkarlarına bu münasibəti göstərir?”
Əlövsət Ağalarov sonda təklif edib ki, “Zeynəb Xanlarova məktəbi” yaradılmalıdır.
Gununsesi.info