“Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib

  • By ilhame
  • 17 Sentyabr 2024 14:03

Zirə” klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

 

Buna U-16 Liqasında keçirilən “Zirə” – “Mübariz” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının atasının meydana çıxaraq baş hakimi təhqir etməsi səbəb olub. Sentyabrın 12-də keçirilən görüşdə yaşananlara görə AFFA “Zirə”yə xəbərdarlıq edib. Futbolçu isə 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəza alıb.

 

AFFA U-16 Liqasında baş tutan daha bir görüşdə isə klub rəsmisinə 5 oyunluq cəza verilib. “Qarabağ” – ASTA matçında qonaqların rəsmisi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə görüb və qeyd olunan müddətə cəzalanıb.

 

AFFA U-15 Liqasında isə “Turan Tovuz”un futbolçuları Nəsimi Alıyev ilə Məcid Abbasova 3 oyun cəza verilib. Buna onların 78-ci dəqiqədə rəqibi təhqir etmələri və qırmızı vərəqə ilə meydandan qovulmaları səbəb olub.

Gununsesi.info