“Zirə”-nin futbolçusu Türkiyədən onunla maraqlanan klubun adını bilmir

  • By admin
  • 22 İyun 2020 19:21

“Sözün düzü, Super Liqa klubundan mənimlə maraqlanan klub olduğunu eşidirəm. Amma bunun hansı komanda olduğu bilinmir”.

Gununsesi.org xəbər verir ki, bunu Oxu.Az-a millimizin və “Zirə” klubunun futbolçusu Elvin Camalov deyib.

Əsas millimizdə bir oyun keçirmiş 25 yaşlı futbolçunun Türkiyənin əsas çempionatından təklif aldığı bildirilir. Maraqlıdır ki, futbolçu özü də bu barədə eşidib, amma həmin klubun adını bilmir:

“Həmin klubun məndən ötrü “Zirə”yə rəsmi təklif göndərdiyini bilmirəm. Amma belə bir marağın olmasını mənə menecerim deyib. Bildiyimə görə, “Zirə” ilə həmin klub arasında danışıqlar gedir.

Həmin Türkiyə klubunun adını ona görə öyrənmədim ki, hələ müqavilə ilə bir il də “Zirə”yə məxsusam. Birinci onlarla razılığa gəlinməlidir. “Zirə”siz mənim danışıq aparmağım düzgün olmaz. Əlbəttə ki, mən də Super Liqada oynamaq istəyərəm. Amma mənim işlərimi görən dostuma da demişəm ki, birinci hazırkı klubumla danışıq aparılmalıdır”.

Futbolçunun menecerinə yaxın etibarlı mənbədən öyrəndiyimiz məlumata görə, yanvarda belə bir maraq olub. Lakin hazırda Elvin Camalov hər hansısa Super Liqa klubunun maraq dairəsində deyil.

 

 

Gununsesi.org