Ziya Kazımovun işindən apellyasiya şikayəti verilib - ƏDALƏTLİ MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU POZULUB

  • By admin
  • 15 Yanvar 2024 00:20

 

Vəkil Bəhruz Bayramov “Tərtər İşi” çərçivəsində 9 il 6 ay azadlıqdan məhrum edilən hərbçi Ziya Kazımovun hökmündən apellyasiya şikayəti verib.

Gununsesi.info-nun əldə etdiyi apellyasiya şikayətində onun qanunsuz azadlıqdan məhrum edilməsindən söhbət açılır.

Ziya Kazımovun Azərbaycan ordusunda, xüsusilə, Xüsusi Təyinatlı Qüvvələrdəki xidmətlərinin, o cümlədən onun Şuşanın, Hadrudun və digər rayonlarımızın işğaldan azad olunmasındakı qəhrəmanlıqlarının  vurğulandığı ərizədə onun müharibə zamanı yüksəkliklərin alınmasında mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və  yanıqlar almasından bəhs olunur.

Vəkil, şikayətində İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusuna diqqət çəkib.

Apellyasiya şikayətində, həmçinin bildirirlir ki, Ziya Kazımovun tutulduğu andan müdafiə hüququ pozulub: “O, dərhal vəkillə təmin edilməyib. Dövlət hesabına vəkili belə özü seçməyib. Həmin vəkil onunla ayrıca söhbət etməyib”.

Prosessual pozuntuları sadalayan vəkil birinci instansiya məhkəməsinin hökmünün ləğvini tələb edib.

 

Şəbnəm Rəhimova

Gununsesi.info