Yunanıstanda məktəblilər arasında şahmat üzrə Avropa birinciliyi davam edir. İştirakçılar distansiyanın üçdə iki hissəsini keçiblər. Xatırladaq ki, yarışlar oğlanlar və qızlar arasında altı yaş kateqoriyasında keçirilir.
Gununsesi.info xəbər verir ki, Azərbaycan şahmatçılarından Ziya Məmmədov ən yaxşı nəticə göstərir. Yeddi turdan sonra altı xal toplayan Ziya yeddi yaşa qədər oğlanlar qrupunda yeganə liderdir.
13 yaşa qədər qızlar qrupunda ikinci yeri ustalığa namizəd Səbinə Rzalı tutur. Onun aktivində altı xal var.
11 yaşa qədər oğlanların turnirində 6 mümkün xaldan 5,5 xal toplayan Aydın Süleymanlı 2-ci -3-cü yerləri bölüşdürür.
Aktivində 6 mümkün xaldan 5 xal olan Babək Cəfərli 15 yaşa qədər oğlanlar qrupunda 2-4-cü yerləri bölüşdürür.
15 yaşa qədər qızların turnirində Süsən Məmmədova 6 mümkün xaldan 5 xal toplayaraq 2-ci yerdədir.
Müxtəlif yaş kateqoriyalarında çıxış edən Ayxan Cabbarlı və Fərid Məlikovun hərəsinin aktivində 4,5 xal, Səid Rəfili, Nura Mirzə, Bikəxanım Behbudovanın hərəsinin dörd xalı, İradə Əhmədovanın 3,5 xalı var. Yarışlarda “Köhnə dünya”nın 21 ölkəsindən 256 şahmatçı, o cümlədən Azərbaycanın 16 nümayəndəsi iştirak edir. İsveçrə sistemi üzrə keçirilən yarışlar doqquz turdan ibarət olacaq.
Qaliblər və mükafatçılar iyunun 25-də məlum olacaq.